Logo

“Yüksək keyfiyyətli dondurmada quru süd olmur” - MÜSAHİBƏ+FOTO

30.06.2023 15:58 402 baxış
IMG

Ceyhun Əliyev: “Çayı içib sonra dondurma yemək, yaxud əksinə, dondurma yeyib ardınca çay içmək doğru deyil. Çay istidir, dondurma soyuq. Soyuq bankaya isti su töksəniz, çatlayacaq”.

Dondurma insana xoşbəxtlik bəxş edən qidalar siyahısındadır. Eyni zamanda orqanizm üçün faydalı olduğu bildirilir. Lakin dondurma ilə bağlı bəzi məqamlara diqqət etməliyik.

"Kaspi"nin əməkdaşı həmin məqamlar barədə qida mühəndisi Ceyhun Əliyevlə söhbətləşib.

- Kimi sadə dondurma sevir, kimi şokoladlı, kimi də meyvəli. Dondurmanı bu qədər sevdirən nədir?

- Dondurmanın əsasını qaymaq, süd, şəkər tozu təşkil edir. Gündəlik istifadə etdiyimiz bu qidalardan hazırlanan dondurma da insanlar tərəfindən sevilir. Tərkibində sevmədiyimiz məhsul yoxdur. Dondurmaya sevginin əsasını isə məhsulun tərkibinə qatılmış müxtəlif növ dadlandırıcılar (qida əlavələri) təşkil edir.

- Bəzən dondurma yeyirsən, elə də dad ala bilmirsən. Bəzən isə çox dadlı olur. Burada dadlandırıcının miqdarının az və çox olması fərq yaradır?

- Qida əlavələrinin də standartları var. Müəyyən limit çərçivəsində əlavə edilməlidir. Əks halda orqanizmdə allergik reaksiyalara səbəb ola bilər. Dadın çox yaxşı olmamasında isə müxtəlif faktorların rolu var. Məsələn, məhsullar yaxşı qarışdırılmayanda da, dad o keyfiyyətdə olmur.

Miqdarından çox yeməsək, faydalıdır

- Dondurmadan orqanizmimiz hansı faydanı görür?

- Dondurmadan aldığımız enerji gündəlik həyat fəaliyyətimizdə mühüm rol oynayır. Süd, qaymaqdan istifadə etmişiksə, onların tərkibində olan vitaminlər dondurmada da mövcud olacaq. A, D vitaminləri ilə, mikro və makro elementlərlə, kalsium, dəmir, fosfor ilə zəngindir. Hansı ki bu da bizim sümüklərimiz üçün faydalıdır. Təbii ki, miqdarından çox yeməsək, faydalıdır.

- Gün ərzində nə qədər dondurma yeyə bilərik?

- Bu normanı təsnifatlaşdırmaq olar. Bu, gənc və orta yaş, sağlam biri üçün 200-250 qramdırsa, uşaqlarda 150 qram olur. Diabet xəstələrində 100-150 qram arasında dəyişir. Bəzi hallarda 70 qrama da düşə bilər.

- Yarım kiloqram dondurma yeyənlər də var.

- Dondurma tez həzm olunan məhsuldur. Ona görə insanlar elə bilirlər ki, bir kilo yedim, hər şey qaydasındadır. Elə deyil, günlük limit çərçivəsində yeyilməlidir. Həzmi tez getsə də, bağırsaqların funksiyasını poza, daralma yarada bilir. Diş minasına mənfi təsir göstərir. Süd də bəzi insanlara mənfi təsir göstərə bilər. Buna laktoza dözümsüzlüyü deyirik.

Qiymət bu səviyyədə ucuzdursa…

- Dadlı, amma qiyməti ucuz dondurmalar var. Onlar keyfiyyətli məhsuldurmu? Yaxud onlar necə ərsəyə gəlir?

- Əslində, qiymətlər məhsulun keyfiyyəti haqqında söz deyən amildir. Məsələn, bazarda 70-80 qəpiyə plombir dondurması var. Yaxud 40-50 qəpiyə də dondurmalar var. Qiymət bu səviyyədə ucuzdursa, deməli, səbəbi var. Dondurma təbii süddən hazırlanır. Səmərəliliyi artırmaq üçün südün bir hissəsini su, buz ilə əvəz edirlər. Keyfiyyətli dondurmaya təbii qaymaq qatılır. Ucuz dondurmalarda isə yağın müxtəlif fraksiyalarından istifadə olunur. Amma dadlandırıcı çox vururlar. Beləliklə, dadı yaxşı, qiyməti ucuz dondurma ərsəyə gəlir.

- Quru süddən də qiyməti aşağı salmaq üçün istifadə edirlər?

- İstehsalçılar saxtalaşdırmanı quru südlə deyil, su ilə edirlər. Çünki quru süd o qədər də ucuz başa gəlmir. Süd əvəzedicisi kimi quru süddən istifadə etmək problem deyil. Sırf yüksək keyfiyyətli dondurmada quru süd olmur.

- Mağazadan alanda bəzən görürük ki, dondurmanın forması dəyişib, yəni əriyib yenidən dondurulub. Bu dondurmaları yeyək?

- Dondurma şok dondurucularda dondurulur. Mənfi 40 dərəcədə tərkibindəki bütün xammal daxildən bərabər formada donur. Dondurmanın tərkibindəki vitaminlər itmir. Hazır olandan sonra AHT tipli (marketlərdə dondurma saxlanan dondurucular) dondurucularda mənfi 18 dərəcədə saxlanmalıdır ki, keyfiyyətini qoruyub saxlasın, ərimə getməsin. Ərimə prosesi dondurmada mühüm rol oynayır. Dondurma əriyərsə, tərkibindəki komponentlər axır, itir. Yenidən donduranda onlar içində olmur. O dondurmaları istehlak etmək məsləhət görülmür. Təhlükəsizdir, istehlak etmək səndə hər hansı problem yaratmayacaq, amma keyfiyyətsiz məhsuldur.

- Bəzi dondurmalar çox tez əriyir, bəziləri nisbətən gec. Bu, nədən asılıdır?

- Keyfiyyətli dondurma tez əriməməlidir. Əriməsi nisbətən gec getməlidir. Əriyəndə isə dondurma su kimi axmamalı, bir az elastik olmalıdır.

- Dondurmaların saxlanma müddəti nə qədərdir?

- Tərkibindəki xammallardan asılı olaraq 6 aydan 2 ilə qədər. Yaxşı olar ki 6 ay saxlansın. Demək olar ki, bizim mağazalarda 6 ay müddəti olan dondurma yoxdur. Adətən, 1-2 ilə qədər olur. 2 il ömrü olan dondurmalar keyfiyyətsiz deyil. Mənfi 18 dərəcədə saxlayırsınızsa, qablaşdırması pozulmayıbsa, keyfiyyətinə xələl gəlmir.

Qışda da yeyə bilərik

- Dondurma yedikdən sonra çay içənlər olur. Boğazda problem yaranmasın deyə bunu edirlər. Dondurma və çayı ard-arda qəbul etmək düzgündür?

- Çayı içib sonra dondurma yemək, yaxud əksinə, dondurma yeyib ardınca çay içmək doğru deyil. Çay istidir, dondurma soyuq. Soyuq bankaya isti su töksəniz, çatlayacaq. Dişimiz də elədir. Görməsəniz belə, orda mikro çatlaqlar yaranacaq və sonra çürüməyə səbəb ola bilər. Dondurmanı dişləyə-dişləyə yemək, birbaşa ağıza atıb udmaq olmaz. Dondurma yavaş-yavaş yeyilməlidir.

- “Qışda dondurma yemək adamı xəstələndirir”, – deyirlər. Qışda və ya yayda yeməyin fərqi var?

- Dondurma desertdir, qışda da yeyə bilərik, yayda da. Düzdür, qışda hava da soyuq olur, daxilə də soyuq qida qəbul edirsiniz. Bədən xaricdən və daxildən soyuq çəkdiyi üçün xəstələnmə ola bilər. Bunun səbəbi dondurma yox, immun sistemidir. Uşaqların immun sistemi tam formalaşmadığı üçün onlara qışda dondurma vermək düzgün deyil. Yaşlılarda da həmçinin. Onlar da xəstələnə bilər.

5 gün içərisində istifadə edilməlidir

- Dondurmanı evdəki soyuducularda nə qədər saxlaya bilərik?

- Dondurmanın qablaşdırılması pozulmayıbsa, üzərində göstərilən son istifadə tarixinə qədər saxlamaq olar. Əgər qablaşdırma açılıbsa, 5 gün içərisində istifadə edilməlidir.

- Evdə dondurma hazırlayaqmı?

- Hazırlayın. Mən özüm də evdə hazırlayıram. Evdəki soyuducular əsas üst təbəqəni dondurur. Evdəki soyuducuya qoyandan tam donması üçün yaxşı olar ki, daim qarışdırılsın. Evdə hazırladığınız dondurma 2-3 gün ərzində yeyilməlidir. Uzun müddət saxlamaq olmaz.

Xəbər lenti