İctimai TV-də Şəkinin ucqar Baş Şabalıd kəndində yerləşən və uzun illərdir xüsusi mühafizə olunan biogeosenozun (Yerin müəyyən hissəsində biosenozu təşkil edən bitkilərin, heyvanların, mikroorqanizmlərin, biotopun maddələr və enerji mübadiləsinin cəmi) ərazisindən videosüjet yayımlanıb.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Süjetdə biogeosenoz haqqında məlumat verən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü bildirib ki, zəngin flora və fauna örtüyünə malik olan bu ərazi artıq 50 ilə yaxındır ki, mərkəz tərəfindən mühafizə olunur və qurumun əməkdaşları tərəfindən mütəmadi olaraq elmi tədqiqatlar aparılır. Y.Şükürlünün sözlərinə görə, hazırda 86 hektar ərazini əhatə edən biogeosenozda 30-dan çox ağac növü, 50-dən çox bitki və kol növü qorunur. Onların əksəriyyəti “Qırmızı kitab”a daxil edilmiş dərman bitkiləridir.
Videosüjetdə dəfələrlə bu ərazidə tədqiqatlar aparmış geologiya-minerologiya elmləri doktoru Hüseyn Mustafabəyli bildirib ki, unikal və qapalı relyefə malik, şimal ekspozisiyalı bu ərazi torpaq örtüyünün özünəməxsusluğu ilə seçilir. H.Mustafabəyli ərazinin fərqli biomüxtəlifliyi olduğunu və təbii “laboratoriya” hesab olunduğunu vurğulayıb.
Süjetdə qeyd olunub ki, bu ərazi gələcəkdə də akademik laboratoriya kimi istifadə olunması üçün geniş imkanlara malikdir.