Vaşinqton Universiteti smartfon vasitəsilə bədən istiliyini ölçməyə imkan verən “Fever Phone” adlı unikal proqram hazırlayıb.
Tehsil.biz aztibb.az-a istinadən xəbər verir ki, proqramda əksər smartfonlarda olub, cihazın daxili temperaturunu izləmək üçün nəzərdə tutulmuş daxili temperatur sensorlarından istifadə edilib.
Onun iş prinsipi bundan ibarətdir ki, sensorlar dərinin ekranla təması zamanı istilik ötürülməsini qeydə alır. Ölçmə proseduru üçün istifadəçi proqramı işə salmalı və cihazı kənarlarından tutaraq 90 saniyə ərzində smartfonun ekranını alnına bərkitməlidir. Tətbiq avtomatik olaraq ölçmənin başlanğıcını və sonunu təyin edəcək və nəticəni ekranda göstərəcək.
“Fever Phone” məlumatları emal etmək və smartfonun daxili və xarici temperaturunu ayırd etmək üçün neyron şəbəkəsindən istifadə edir. Alimlər təcili yardım otağında qızdırması olan 37 xəstə üzərində təcrübə aparıblar.
Proqramın ölçmələri adi bir termometr ilə müqayisə edilib və tədqiqat göstərib ki, tətbiq klinik cəhətdən məqbul səviyyədə olan cəmi 0,23 dərəcə Selsi orta xəta ilə yüksək dəqiqlikdədir.