Logo

Azərbaycan elmində professor Nadir Məmmədli imzası

01.07.2023 11:27 416 baxış
IMG

Nadir Məmmədli, əgər belə demək mümkünsə, Azərbaycan sovet dilçiliyinin son, müstəqil Azərbaycan dilçiliyinin ilk nümayəndələrindəndir. Və əlbəttə, bu gün sovet ideologiyasına nə qədər tənqidi yanaşsaq da etraf etməliyik ki, bütün metodoloji problemlərinə, ideoloji paradokslarına rəğmən, sovet dilçiliyi təsviri, müqayisəli tarixi və müqayisəli- tipoloji araşdırmalar sahəsində, həqiqətən, məhsuldar məktəblər formalaşdırmışdır.

Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən (qeyd edim ki, aspirantlıq illərimdə onlara mətn dilçiliyindən bir semestr ixtisas kursu keçmuşəm, Nadiri də o illərdən – tələbəlikdən tanıyıram) sonra  Nadir Məmmədli öz yaradıcılıq  tərcümeyi- halını Elmlər Akademiyamızın artlq bir ildir ki,  uğurla rəhbərlik etduyi Nəsimi adına Dilçilik İnstitutu ilə bağladı. Hələ ilk gəncliyindən yaradıcılığın müxtəlif istiqamətlərində öz istedadını nümayiş etdirsə də, görünür, get-gedə dilçiliyin leksika  sahəsi – leksikologiya onun diqqətini daha çox çəkdi. 1989-cu ildə “Müasir Azərbaycan dilində feili sinonimlər” mövzusunda namizədlik, 2001-ci ildə isə “Müasir Azərbaycan dilində alınma terminlər (1920 – 1991-ci illər)” mövzusunda doktorluq dissertasiyaları müdafiə etdi. Və bu gün heç bir tərəddüdsüz demək olar ki, o, Azərbaycan dilçiliyində alınma, eləcə də beynəlxalq leksikon sahəsinin ən nüfuzlu mütəxəssisidir. “Alınma terminlər (1920- 1995)” (1997), “Azərbaycan dilində alınma terminlər” (2017) monoqrafiyaları, bir neçə dəfə nəşr olunmuş “Yunan və latın mənşəli beynəlmiləl termin elementlər lüğəti”, eləcə də onlarla məqalələri müəllifinə həqiqi dilçi şöhrəti gətirmişdir.

Professor Nadir Məmmədlinin dil haqqındakı elmimiz qarşısındakı ikinci böyük ximəti, yəqin ki, sözün geniş mənasında kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərslikləridir ki, buraya ikicildlik “Azərbaycan dili və nitq mədəniyyəti” (I c., 2020; II c., 2022), “Azərbaycan dilində işğüzar və akademik kommunikasiya” (2021 və 2022) daxildir.  Azərbaycan universitetlərində xeyli vaxtdır tədris edilən bu fənlərin  müasir tələblərə cavab verəcək bir səviyyəyə yüksəlməsinə həmin əsərlər, şübhəsiz, öz təsirini göstərəcəkdir. Ilk növbədə ona görə ki, sözügedən dərsliklər: a)elmi-metodoloji baxımdan beynəlxalq standartlara cavab verir; b)Azərbaycan nitq praktikasına əsaslanır; c)müasir tədris texnologiyalarını nəzərə alır... Əlbəttə, ölkədə  kommunikasiya mədəniyyətinin inkişafı yalnız dil haqqındakı elmin problemi deyil, heç bir dilçi hər hansı elm sahəsində mütəxəssis olacaq şəxsə həmin sahənin dilini öyrədə bilməz. Ancaq bütövlükdə müasir akademik təfəkkürün müəyyən (və təbii ki, adekvat!) nitq modellərini təklif edər ki, bu, mahiyyət etibarilə, hər nə qədər multidissiplinar səciyyə daşısa da, məhz nitq təcrübəsi ilə gerçəkləşdiyindən öncə, dilçi mühakiməsinə ehtiyac duyur.

Istər “Azərbaycan dili və nitq mədəniyyəti”ndə, istərsə də “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”da müəllif ardıcıl vətəndaşlıq (və dövlətçilik!) mövqeyindən  çıxış edir. Və bu gün ölkəmizdə yürüdülən mükəmməl dil siyasəti işığında həm işgüzar, həm də akadmik kommunikasiyanın milli prioritetlərini müəyyənləşdirməyə  ciddi təşəbbüslər göstərir. Azərbaycan Prezidentinin 23 may 2012- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müddəalarını rəhbər tutan müəllif yazır ki, “işgüzar və akademik kommunikasiya ünsiyyət sahəsində elmi-nəzəri, metodoloji və praktik materialları ümumiləşdirir, müasir mütəxəssisin verbal və qeyri-verbal fenomeninə, yazılı və şifahi nitq səriştəsinə istiqamət verir”.

Məlumdur ki, müasir dilçilikdə elmin inkişafının yeni paradiqması – antroposentrizm (praqmatika) hakimdir. XX əsrin əvvəllərində sistem-struktur tədqiqatlar müqayisəli-tarixi dilçiliyi tarixə çevirdiyi kimi, həmin əsrin sonlarında da antroposentrizm sistem-struktur tədqiqatları xeyli məhdudlaşdırmışdır. Ona görə də bu gün ölkəmizdə dil kommunikasiyası, nitq mədəniyyəti, üslubiyyat sahələrində görülən işlər (o cümlədən Nadir Məmmədlinin əsərləri) XXI əsrin çağırışlarına verilən ilk, ancaq kifayət qədər səriştəli, məzmun-mündərəcəli reaksiyalardır.

Xüsusi olaraq qeyd etməliyik ki, bu reaksiyaların, elmi-intellektual  reflekslərin dəyəri bir də belə bir cəhətlə müəyyən edilir ki, onlar, əsasən, dərsliklər, dərs vəsaitləridir... Və  cəmiyyətdə bilavasitə gənc nəslin kommunikativ  fəallığının təmininə yönəlmişdir.

Professor Nadir Məmmədlinin “Moskva Şərq Dilləri İnstitutunun azərbaycanlı alimləri (1876-1930)” (1993), “Moskva Şərqşünaslıq İnstitutunun azərbaycanlı pedaqoq və alimləri” (2022) kitabları müəllifin Rusiya paytaxtı və ətraf şəhərlərin arxivlərində apardığı gərgin axtarışlarının məhsuludur. Və bu axtarışlar Azərbaycan dilçiliyinin tarixi barədəki təsəvvürlərimizi genişləndirməkdədir.

O həmçinin “Azərbaycan dilinin  orfoqrafiya lüğəti”nin son nəşrlərinin tərtibçilərindən biri, universitetlərin rus bölmələri üçün  “Azərbaycan dili” dərsliklərinin müəllifidir.

Professor Nadir Məmmədli haqqında danışarkən onun  tərcümeyi-halının daha bir  sıra məqamlarına diqqət yetirmək lazım gəlir ki, yaradıcılığı,  şəxsiyyəti barədəki təsəvvürlərimiz bütövləşsin. Onlardan birincisi öz  işinə (əslində, daha doğru olar deyək, missiyasına!) məsuliyyətlə yanaşmasıdır. Nadir Məmmədli hər gününü, hər saatını  hesablamağı bacaran, təkcə cəmiyyət yox, Allah qarşısında da hesabat verməyə hər an hazır insandır. Onun  həyatının, bioqrafiyasının “yol xəritəsi” olan biblioqrafiyasını vərəqlədikcə əmin olursan ki, gənclik illərindən etibarən öz böyük ideallarının  arxasınca həmişə inamla, cəsarətlə,  eyni zamanda təmkinlə, ağılla irəliləmiş, başlıcası isə, istedadı, zəhmətkeşliyi, dürüstlüyü ilə həm özü, həm də məsləkdaşları, ətrafı üçün sağlam, münbit fəaliyyət mühiti yaratmağa çalışmışdır. Uzun illər rəhbərlik etdiyi nəşriyyat  Azərbaycan elmini, təhsilini, mədəniyyətini zənginləşdirən özəl müəssisələr sırasında artıq böyük nüfuz qazanmışdır. Və elə bir dilçi, ədəbiyyatşünas, tarixçı... təsəvvür eləmək çətindir ki, bu nəşriyyatla  əməkdaşlıqdan faydalanmış olmasın. Eyni sözləri onun  elmi redaktorluğu ilə işıq üzü görən, hər sayında filologiyanın müxtəlif sahələrinə aid onlarla maraqlı məqalənin çıxdığı nüfuzlu “Filologiya məsələləri” məcmuəsi barədə də demək olar.

Bu da Nadir Məmmədlinin bir elm xadimi olaraq xarakterini (məsuliyyətini!) səciyyələndirən cəhətlərdən biridir ki, nəşriyyat sahibi olsa da, heç zaman özünün cild-cild kitablarını nəşr etmək fikrinə düşməyib. O əsərlərini yayımlayıb ki, onlara Azərbaycan cəmiyyətində ehtiyac var, onları ancaq Nadir Məmmədli qələmə ala bilər.

Əlbəttə, bu biblioqrafiya indiki halında hər hansı elm adamının fəxr edəcəyi qədər zəngindir, ancaq  əminəm ki, illər keçdikcə daha da zənginləşəcək, professor Nadir Məmmədli imzasının Azərbaycan elmindəki, təhsilindəki mövqeyini daha da yüksəldəcəkdir.

Nizami Cəfərov
Milli Məclisin deputatı, akademik

Xəbər lenti