Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il Sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Bu məqsədlə artıq xeyli iş görülmüş və ilin sonuna qədər bir çox işlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu da xalqın öz liderinə olan məhəbbətindən irəli gəlir. Bu mənada elm xadimləri də görülən işlərə öz töhfəsini vermiş və hal-hazırda da bu işlər davam etdirilir. Bu da təsadüfi deyil, çünki Ümummilli Lider bütün sahələrdə olduğu kimi, elm sahəsini də daim diqqətdə saxlayır və vaxtında verdiyi doğru qərarlarla gələcək müstəqil Azərbaycanın ilkin təməllərini qururdu. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, müstəqillik əldə edən respublikamızda kadr hazırlığında və elmin inkişafı sahəsində ciddi çatışmazlıqlar hiss edilmədi. Xüsusən də Ulu Öndərin hələ sovet dövründə ittifaqın ən nüfuzlu universitetlərinə göndərdiyi kadrlar sonradan vətənə qayıtmış və Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuşdur.
Heydər Əliyev bütün bunlarla yanaşı həm də böyük ideoloq idi. Onun Azərbaycan humanitar elminin, xüsusən də Azərbaycan dilçilik elminin inkişafında xidmətlərini də xüsusi ilə qeyd etmək lazımdır. Hələ uzaq 60-cı illərdə BDU-nun 50 illik yubiley mərasimində etdiyi çıxış, Azərbaycan dilinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində əsaslı dönüş nöqtəsidir desək yanılmarıq. Bu mənada Ümummilli Liderin nitqləri zaman-zaman öyrənilməli və onun fonetik, leksik-üslubi, qrammatik xüsusiyyətləri bir daha nəzərdən keçirilməlidir.
Heydər Əliyev eyni zamanda dahi bir siyasətçi olduğundan onun dil siyasəti sahəsindəki işlərini də qeyd etməmək mümkün deyil. Azərbaycançılıq ideologiyasının yaradıcısı və banisi də məhz Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyasının təməl daşı isə heç şübhəsiz, Azərbaycan dilidir. Bu mənada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Heydər Əliyev İli” çərçivəsində yüksək peşəkarlıq və olduqca nəfis tərtibatda hazırladığı “Heydər Əliyev: Azərbaycan dili və azərbaycançılıq” kollektiv monoqrafiyası da bu ilə böyük töhfə hesab edilə bilər.
Akademik Nizami Cəfərovun da “Ön söz”də qeyd etdiyi kimi, “Heydər Əliyev tarixi xidmətlərindən biri də o idi ki, Azərbaycan dilində son dərəcə məntiqli, ifadəli, hər cəhətdən təsirli danışığı ilə, bir tərəfdən, dinləyiciləri valeh edirdisə, digər tərəfdən, ana dilinə, dövlət dilinə hər yerdə hörmət qazandırırdı” (N.Cəfərov). Məhz bu xüsusiyyətlərin elmi cəhətdən araşdırılması dilçiliyimiz qarşısında duran əsas məsələlərdən biri olaraq qalır.
Monoqrafiya bu səpkidə yazılmış ilk ciddi tədqiqat əsərlərindən biridir. Hələ 25 il əvvəl - 1998-ci ildə akademik Bəkir Nəbiyevin “Ön söz”, akademik Ağamusa Axundovun giriş yazdığı əsər bu gün də öz aktuallığını qoruyub saxlayır.
Birinci fəslin müəllifi kimi akademik Ağamusa Axundovun yazdığı “Heydər Əliyev və Azərbaycanda dil quruculuğu” bəhsində Ulu Öndərin dil siyasətinin prioritet istiqamətləri qeyd edilməklə yanaşı, onun bu sahədə apardığı məqsədyönlü siyasət də təhlil süzgəcindən keçirilir. Alim doğru olaraq yazır: “Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilinin əsrimizin son 30 ildəki inkişafı öncə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərin təxminən üçdə ikisi dövlət başçısının ölkəyə bilavasitə rəhbərlik etdiyi dövrə düşür. Keçmiş SSRİ-nin rəhbərlik zirvəsində olanda da o, təbii ki, bütün başqa respublikalardan daha artıq öz doğma Azərbaycan Respublikası ilə bağlı idi. Bu uzun müddətli zaman daxilində Heydər Əliyev öz ana dilini bir an da olsun nəzərdən qaçırmamış, onun bütün səviyyələrdə mövcud olan problemlərini (dil və siyasət, dil və əlifba, dil və millət, dil və ədəbiyyat və s.) öz diqqətində saxlamışdır” (A.Axundov).
Mərhum professor Müseyib Məmmədovun yazdığı “Heydər Əliyev və nitq mədəniyyəti” adlanan ikinci fəslində isə Ümummilli Liderin nitq mədəniyyəti və natiqlik sənətinin özünəməxsus xüsusiyyətləri tədqiqata cəlb edilir. Artıq qeyd etdiyimiz kimi Heydər Əliyev həm də böyük bir natiq idi və bu mənada onun nitqlərinin araşdırılması, jest və mimikalardan istifadə məharəti, eyni zamanda Azərbaycan dilinin zəngin leksik ehtiyatından məqsədyönlü şəkildə istifadəsi insanı valeh etməyə bilməzdi. Bu mənada professor Məsud Mahmudovun qələmə aldığı “Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri” adlı fəsil də öz orijinallığı ilə seçilir.
Ulu Öndərin Azərbaycan dilinin üslublarının inkişafındakı rolu da danılmazdır. Məlumdur ki, Ümummilli Liderin bəlkə də elə bir üslub yoxdur ki, həmin üslubda nitqləri və çıxışları olmasın. Həyatını Azərbaycana həsr etmiş dahi şəxsiyyətin məişət üslubunda danışıqları belə özünəməxsus milli koloriti və üslubi xüsusiyyətləri ilə seçilir. Bu mənada professor Məsud Mahmudovun yazdığı fəsil də öz aktuallığı ilə diqqəti cəlb edir.
Kitabın əvvəlki nəşrində olmayan və sonradan artırılmış dördüncü fəslin müəllifi isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlidir. “Heydər Əliyevin Vətən konsepti və azərbaycançılıq məfkurəsi” adlanan fəsil müasir dilçiliyin yeni istiqaməti olan koqnitiv dilçilik baxımından araşdırılır. Bu fəsildə Ulu Öndərin nitqləri vətənə bağlılıq və azərbaycançılıq işığı altında tədqiqata cəlb edilmişdir. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin dilinə məhz bu baxımdan yanaşma yeni bir istiqamət üçün də əsas rolunu oynaya və gələcək tədqiqatlara yeni bir təkan ola bilər.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı, akademik Nizami Cəfərovun redaktəsi, professorlar Qəzənfər Kazımov və İlham Tahirovun rəyi ilə çap olunan bu möhtəşəm əsərin yeni əlavələr və redaktə ilə çapı həqiqətən də Azərbaycan dilçiliyi üçün böyük hadisədir.
Akademik Nizami Cəfərovun da qeyd etdiyi kimi, ümid edirik ki, oxucular bu kitabı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, ümumən Azərbaycan dillçilərinin Ümummilli Lider Heydər Əliyevin ruhu qarşısında böyük ehtiramlarının ifadəsi kimi qəbul edəcəklər.
Rasim Heydərov
Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent