"3 ildir pedaqoji ictimaiyyət Elm və Təhsil Nazirliyindən yeni strategiya, yol xəritəsi, inkişaf proqramı, konkret təkliflər gözləyir, hər dəfə də nazirdən müxtəlif əcaib fikirlər eşidirik. "Təhsilin keyfiyyətini yüksəltmək üçün ailəvi şam yeməyi" təklifinin şokundan ayılmamış növbəti unikal təklif - "plagiat haqqında" unikal fikirlər eşidirik".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi antiplagiat proqramının funksiyasını yerinə yetirməli deyil:
"Heç olmasa Elm və Təhsil Nazirliyinin əsasnaməsi ilə tanış olun. Kim bilir, bəlkə də heç bu 12 ayda yeni nazirliyin əsasnaməsi hələ hazır deyil. Əgər belədirsə, onda heç olmasa köhnə əsasnaməni oxuyun, öyrənin. Pedaqoji ictimaiyyət isə nazirlikdən antiplagiat, innovativ antipedaqoji tövsiyələr yox, nəhayət ki, təhsilin bataqlıqdan çıxarılması haqqında resept gözləyir. Təcrübəli müəllimlər bilir ki, bundan sonra hələ 10 il də gözləsək, xeyri yoxdur".
İlham Əhmədov ali təhsil müəssisələrinin TOP-1500 2023-cü il qlobal reytinq cədvəllərində yer almasından da danışıb:
"Universitetlərin TOP-1500 2023-cü il qlobal reytinq cədvəlləri dərc edilib. Türkiyə 25 universitetlə, Qazaxstan 21 universitetlə və s. təmsil edildikləri halda, bizim 3 ali təhsil müəssisəsi ilə təmsil olunmağımız böyük biabrçılıqdır. Reytinqlərlə bağlı bu biabrçılıq neçə illərdir davam edir. Başqa ölkədə belə vəziyyət olsaydı, bəlkə də nazirlik tam heyətlə istefa verərdi. Onsuz da bu 3 ildə təhsildə heç nə edə bilmədiniz, müəllimləri nüfuzdan salmaqdan başqa. Təəssüf ki, ölkəmizdə hələ də elm və təhsilin səviyyəsi aşağıdır. Elm və Təhsil Nazirliyi nə səviyyədədirsə, elm və təhsilimiz də o səviyyədədir".
Kənan Nağıbəyli