"Həzm sistemi orqanlarına ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qara ciyər, mədəaltı vəz və öd kisəsi aiddir. Həzmin pozulması və ya həzmsizlik tibbdə dispepsiya adlanır. Daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Bunlara aiddir: tez-tez, az çeynəyərək yemək və ya çoxlu yemək, yeməkdən həmən sonra uzanmaq, çox yağlı qidaların qəbulu, spirtli və qazlı, kofein və ya şəkər tərkibli içkilər, həmçinin tütün məhsullardan müntəzəm istifadə, stres, təşviş və digər psixoloji problemlər, piylənmə, dərmanların nəzarətsiz qəbulu, oturaq həyat tərzi, nizamsız yuxu rejimi və s".
Tehsil.biz xəbər verir ki, bunları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov bildirib.
Onun sözlərinə görə, həzmin pozulmasının əlamətləri qarında ağrı və ya hansısa narahatlıq yarada bilir:
"Bu sağ və ya sol qabırğaaltı, kürək və epiqastral nahiyyədə ağrılar, gəyirmə, döş sümüyü arxasında yanma, qıcqırma, qəbizlik, ishal kimi müşahidə oluna bilər. Həzmsizliyin əlamətləri adətən yeməkdən sonra mədənin həzmi yerinə yetirməsi zamanı başlayır. Simptomlar arasında ən çox yayılmış olanı yemək əsnasında meydana gələn erkən doyma hissidir. Bu, qarında şişkinlik, gəyirmə, ürəkbulanma və ya ürək yanması ilə müşayiət oluna bilər. Həzmsizliyi müalicə etmək üçün öncə düzgün qidalanmaq, stresdən uzaq durmaq, yuxu rejimini bərpa etmək, aktiv olmaq lazımdır. Həzm pozulmasına səbəb olan xəstəliklərin bəziləri bunlardır: reflüks ezofagit, qıcıqlanmış bağırsaq sindromu, mədə xoraları, mədəaltı vəz və ya öd yolları anomaliyaları, laktoza və ya qlüten intoleransı, mədə iltihabı, çölyak xəstəliyi, öd kisəsi daşları, mədəaltı vəzin iltihabı, qəbizlik, bağırsaq keçməzliyi, bağırsaq damarlarının tıxanması, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, mədə xərçəngi və s".
Ekspert bildirib ki, düzgün qıdalanmama zamanı yaranan həzm sistemi pozğunluqları bir çox xəstəliklərə və orqanların zədələnməsinə gətirib çıxara bilər:
"Bu zaman şəkərli diabetin, arterial təzyiq, infarkt, insult, böyrək daşlarının, öd daşlarının əmələ gəlməsinə şərait yaranır. Həzm sistemi pozğunluqları həmçinin metobolik dəyişikliklər və piylənməyə də səbəb olur. Konservləşdirilmiş məhsullardan çox istifadə ilin bütün fəsillərində mədə bağırsaq sistemində problem yarada bilər. Yaz-yay aylarında bu məhsulları mümkün qədər az istifadə etmək lazımdır. Duzlu və hisə verilmiş balıq məhsulları, xəmir yeməkləri və çox yağlı qidalardan da az istifadə olunması tövsiyə olunur".
Mərcanə Əsədova