Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Allium cepa L. qabığının sulu ekstraktından alınmış qızıl nanohissəciklərin (Au NPs) antipatogen, antioksidant, antikolinesteraz fəaliyyəti” adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan jurnalda (“Biomass Conversion and Biorefinery”) dərc edilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, bioloji üsulla alınmış qızıl nanohissəciklər terapevtik xüsusiyyətə malikdir və müasir tibdə geniş tətbiq edilir.
Ona görə də işdə qızıl nanohissəcikləri ekoloji cəhətdən təmiz və səmərəli üsulla – allium cepa (AC) qırmızı qabıq (dəri) ekstraktından istifadə edilməklə sintez olunub. Qızıl nanohissəciklərin antibakterial və antioksidant fəaliyyəti, həmçinin asetilkolinesteraza (AChE) və butirilxolinesteraza (BChE) fermentlərinə inhibitor təsiri araşdırılıb, optik xassələri tədqiq edilib. TEM tədqiqatları əsasında nanohissəciklərin əsasən sferik formada olması və ölçülərinin 6.08-54.20 nm intervalında dəyişdiyi müəyyənləşdirilib.