Logo

Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir

03.07.2023 15:25 394 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Naxçıvan MR-nin Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, budəfəki müsabiqəyə ən çox Ordubad (53), Şərur (37) rayonlarından və Naxçıvan şəhərindən (23) olmaqla ümumilikdə 200 vakant vəzifə çıxarılıb.

1350 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Naxçıvan şəhəri (290), Babək (268), Ordubad (235) və Culfa (200) rayonlarından çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti Azərbaycan dili və ədəbiyyat (208), riyaziyyat (193), ibtidai sinif müəllimliyi (166) və ingilis dili (139) müəllimliyi üzrə qeydə alınıb.

Test imtahanlarında hər bir namizədə 60 sual, tapşırıqların yerinə yetirilməsi üçün isə 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunacaq

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.İmtahan bitdikdən dərhal sonra namizədə “Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri Mərkəzin internet portalında yerləşdirilir.

Test imtahanları iyulun 14-ə qədər davam edəcək.

Xəbər lenti