2022-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7078 abituriyent 500-dən, 2077 abituriyent isə 600-dən çox bal toplayıb.
Tehsil.biz xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub.
Məlumata görə, 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 52.05 %-i (1081 nəfəri) I qrupun, 6.84 %-i (142 nəfəri) II qrupun, 16.56 %-i (344 nəfəri) III qrupun, 24.55 %-i (510 nəfəri) IV qrupun abituriyentləridir.
Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qəbələ, Abşeron və Şəki rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–13-ü imtahanlarda 500-dən yuxarı bal toplayıb.