Logo

DİM: "Məzunların bir hissəsi təhsil proqramının 43-73 %-ni mənimsəmir"

03.07.2023 18:07 324 baxış
IMG

Azərbaycan bölməsində ortastatistik abituriyent qəbul imtahanının I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 49.28 %, riyaziyyatdan 30.35 %, ingilis dilindən 38.12 %-inə, II mərhələdə ana dilindən 51.22 %, ədəbiyyatdan 43.76 %, riyaziyyatdan 30.69 %, fizikadan 37.96 %, kimyadan 35.54 %, biologiyadan 52.58 %, tarixdən 36.78 %, coğrafiyadan 29.47 %-inə düzgün cavab verib.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında əks olunub.

Rus bölməsində ortastatistik abituriyent isə qəbul imtahanının I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 56.02 %, riyaziyyatdan 30.99 %, ingilis dilindən 52.19 %-nə, II mərhələdə ana dilindən 56.74 %, ədəbiyyatdan 52.26 %, riyaziyyatdan 31.40 %, fizikadan 36.95 %, kimyadan 34.18 %, biologiyadan 46.53 %, tarixdən 29.42 %, coğrafiyadan 26.82 %-ni düzgün cavablandırıb.

Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-57 %-nə düzgün cavab verib. Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 43–73 %-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.

Xəbər lenti