Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universitetinin (HUJİ) ikili diplom proqramına qəbul başlanıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bakı Dövlət Universiteti və HUJI arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi 2023-cü il mayın 24-də imzalanıb. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. BDU və HUJİ arasında imzalanmış magistratura səviyyəsində biotexnologiya ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
İkili diplom proqramına müraciət etmək istəyənlərdən aşağıdakılar tələb olunur:
∙biologiya, kimya, kimya mühəndisliyi, fizika və ya ekologiya ixtisaslarından biri üzrə bakalavr dərəcəsinə malik olmaq;
∙yüksək akademik göstəriciyə malik olmaq (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+);
∙ IELTS balı minimum 6 və ya internet əsaslı TOEFL testində minimum 89 bal;
∙ bakalavr dərəcəsinin alındığı ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu;
∙ tibbi arayış.
Tədris ilinin I semestrində təhsil BDU-da, II semestrində isə HUJİ-də həyata keçiriləcək. Tələbə HUJI-nin “non-thesis” (dissertasiya müdafiəsi olmadan) diplomunu və təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU-nun və HUJİ-nin (İsrail) “non-thesis” magistr diplomunu alacaqlar.
Proqramın birinci ilini fərqlənmə ilə bitirən tələbələr tədrisin ikinci ilində HUJI-nin “thesis” proqramına qatılma imkanı qazanacaq və BDU-nun və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar.
Proqrama müraciət və əlavə suallar üçün [email protected] e-mail ilə əlaqə saxlamaq mümkündür.