Logo

DİM-də aparılan elmi-statistik təhlilin nəticələri açıqlanıb

03.07.2023 20:28 313 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu elmi-statistik təhlillər respublikada DİM tərəfindən 2022-ci ildə keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib.

Dövlət İmtahan Mərkəzində aparılan elmi-statistik təhlilin nəticələri hamı üçün açıqdır. Bu nəticələr respublika pedaqoji ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən müxtəlif səviyyəli konfrans və görüşlərdə (ayrı-ayrı bölgələr də daxil olmaqla) müzakirə edilir. Bununla da, təhsillə bağlı strateji əhəmiyyətli qərarlara yol açılır.

Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.

Bunlardan bəziləri isə “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəkilində nəşr edilib:

– Ayrı-ayrı rayonların 2022-ci il üzrə qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar;

– Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri;

– Kənd təsərrüfatı profilli ixtisaslar statistikada;

– Neft-qaz profilli ixtisaslar statistikada.

Jurnalın elektron versiyasını DİM-in saytında “Fəaliyyət/Tədqiqat” bölməsindən əldə etmək mümkündür. DİM tərəfindən yaradılmış mekteb.edu.az portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla da tanış olmaq mümkündür.

Xəbər lenti