Logo

“Applied and Computational Mathematics” beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 2-ci yerə yüksəlib

04.07.2023 21:13 196 baxış
IMG

“Applied and Computational Mathematics (Tətbiqi və Hesablama Riyaziyyatı)” beynəlxalq elmi jurnalının təsir əmsalı (Impact Factor) 4.771-dən 10-a qalxıb. 5 illik təsir əmsalı isə 3.172-dən 5.2-yə yüksəlib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Jurnal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi, Elm və Təhsil Nazirliyinin (ETN) İdarəetmə Sistemləri İnstitutunun dəstəyi ilə dərc edilir.

Jurnal dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə “Web of Science Core Collection” siyahısında olan 267 jurnal arasında 2-ci, Avropa İttifaqında isə 1-ci yerdə qərarlaşıb. Əvvəlki illərdə olduğu kimi, MDB ölkələri sırasında öz liderliyini qoruyub saxlayır. Həmçinin bildirək ki, 267 jurnal arasında 1-ci yerdə olan “SIAM REVIEW” jurnalının (ABŞ) təsir əmsalı 10.2-dir.

Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters (indiki Clarivate Analytics)” agentliyinin “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına əsasən (2009 Journal Citation Reports) 2010-cu ildə jurnal Azərbaycan elm tarixində ilk dəfə olaraq 0.633 təsir əmsalına layiq görülüb.

Jurnalın baş redaktorları BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və ETN-in İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovdur. Redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər cəlb olunublar.

Jurnalın bu günə qədər 57 sayı çapdan çıxıb. Bu nömrələrdə dünyanın 50-dən artıq ölkəsini təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc olunub. İldə dörd nömrə olmaqla, jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının aktual istiqamətlərində əldə edilən yüksək səviyyəli, əsaslı rəydən keçmiş ən son elmi nəticələr çap olunur. Hazırda jurnalın 500-dən çox tanınmış rəyçisi var. Nəşr olunduğu 22 il müddətində jurnal 50-dən artıq ölkədən 200 beynəlxalq müəssisə ilə elmi mübadilə aparıb.

Xəbər lenti