Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti nömrəsi çapdan çıxıb. On dörd rubrikadan ibarət jurnalda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
İnstitutdan bildiriblər ki, nəşrin bu nömrəsi “Rəsmi guşə” ilə başlanır.
“Qafqazda dini tolerantlıq tarixi ənənə kimi”, “Peyğəmbərlik: meydan oxuma”, “İslamda boşanma (talaq)”, “İslamda Qurban” adlı məqalələr “Cəmiyyət və din” rubrikasında dərc olunub.
Jurnalın “Tədris” rubrikasında “Distant təhsil”, “Təcvid elmində “ləhn” anlayışı və onun namazla bağlılığı”; “Vətənpərvərlik” rubrikasında “Erməni xisləti”, “Vətənpərvərlik şüuru din müstəvisində”, həmçinin “Qarabağ əzəli Azərbaycan torpağıdır” sərlövhəli məqalələr yerləşdirilib.
“Baxış bucağı” rubrikasında “Dörd məfhum”, “Səmavi dinlərdə müqəddəs bayramlar” sərlövhəli yazılar yer alıb.
“Görkəmli empirik alim əl-Biruni”, “İbn Heysəm optika problemlərinin müsəlman tədqiqatçısı kimi”, “Azərbaycanı dünyaya tanıdan dahi” başlıqlı məqalələr isə “Müsəlman mütəfəkkirlər” rubrikasında verilib.
Jurnalın “Analitik təhlil”, “İslam əxlaqı”, “Araşdırma”, “Ədəbiyyat”, “Vətənpərvərlik”, “Dəyərlərimiz”, “Məzun sözü”, “Təbəssüm” rubrikalarında da fərqli məqalələr dərc edilib.
Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu olan “İlahiyyat” elmi-publisistik jurnalının ildə 3 dəfə nəşr edilməsi nəzərdə tutulur.