Əsrdən çox davam edən müstəmləkəçilik, istibdad, milli zülm qara buluda çevrilib sağlam genezisi (kökü) olan bir xalqın boy atmasına, inkişafına əngəl oldu. Provaslavların əsl vətəndaş hesab olunduğu çar Rusiyasında bu torpağın əzəli sahibləri "sonuncu növ inorodes" adlandırıldı. Çarizmin devrilməsinə baxmayaraq sovet sistemi də sələfinin yolunu davam etdirdi. Deyərdim ki, bu gedişat daha amansız oldu. "Xoşbəxt gələcək" vəd edən, sloqanı "yüksək ideallar naminə" olan rejim müqəddəs abidələrimizi dağıtdı, ən yaxşı halda anbara, tövləyə çevirdi.
Yeri gəlmişkən qeyd edək ki, Haqq savaşında qazandığımız zəfərlə azad olunan Vətən torpaqlarında vaxtilə çarın, sovetin mundar və mürtəce münasibətini, çirkin siyasətini din qardaşlarının – ermənilərin barbar əməllərində bir daha görmüş olduq.
Göründüyü kimi hər iki rejim xalqın qanına susamış, tarixinə, milli kökünə, kimliyinə qənim kəsilmişdi. Yuxarıdan verilən göstərişlə rejimin vicdansız enkevedeçiləri xalqı "yox etmək" siyasətini amansızlıqla icra edirdi. Digər bir yandan qondarma alim və ziyalılar da xalqı manqurtlaşdırmaq, onun saxta tarixini yaratmaqla məşğul idilər.
Bütün bunlara baxmayaraq Azərbaycan tarixi belə bir qansız, amansız şəraitdə millətini sevən, onun elmi, mənəvi tərəqqisinə çalışan ziyalılar yetirdi: Seyid Hüseyn, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Bəkir Çobanzadə, Y.V.Çəmənzəminli, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasının yaradıcısı Xədicə Qayıbova. Və sair. Və ilaxır...
Onu da qeyd edək ki, o zamankı quruluşun mürtəce antiazərbaycan mahiyyətini C.Məmmədquluzadə və Hüseyn Cavid öncədən görmüş, baş verənləri yaradıcılıqlarında əks etdirmişlər. Həmçinin hər iki ədibin həyatının qayəsi və yaradıcılığının əsas məğzi azərbaycançılıq idealının həyata keçirilməsi istiqamətində idi.
O zamanlar "iki əsrin və iki imperiyanın hüdudunda böyüyən" (H.Zeynallı) Hüseyn Cavidin və digər qələmdaşlarının Azərbaycanı istihalə (keçid) dövrünü yaşayırdı. Abdulla Şaiq "Cavidin "İblis"nam hailəsi haqqında duyğularım" məqaləsində bu barədə təfsilatı ilə yazır: "İstihalə dövrü hər millətdə gəncliklə kamal arasındakı fikri və ruhi inqilabı göstərən bir dövrdür". Qeyd etdiyimiz məqalə Hüseyn Cavidin "İblis" əsəri haqqındadır. Deyərdim ki, Türk məfkurəli, istiqlal vurğunu olan ədibin adı çəkilən əsərindəki iblis, bir tərəfdən də çar və sovet rejiminə işarə idi (şəxsi qənaətimdir).
Hüseyn Cavid qələm, əqidə dostu Mikayıl Müşfiq haqqında deyirdi: "O bir oddur, özünü yandıracaqdır". Bu fikirləri Cavid Əfəndinin özünə də aid etmək olardı.
Ümumiyyətlə, qeyd edilən dövrün fikir, düşüncə adamlarını xatırlamaq savabdır. Qarşıda haqqında danışacağımız "Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı kitabın müfəssəl "giriş"ində müəllif Sevil Həsənova elə ilk sətirbaşındaca qeyd edir: "Bəzən dahilərin yaradıcılığına dönə-dönə qayıdış bizim özümüz üçün zəruri ehtiyacdan irəli gəlir". Əlbəttə, bu, zəruri və mənəvi ehtiyacdır. Çünki onların yaradıcılığı tək xalqı üçün deyil, ümumilikdə bəşəriyyətə xidmət edib.
Filologiya elmləri doktoru Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası özünün də qeyd etdiyi kimi, bu amaldan nəşət tapdı.
Kitabın nəfis tərtibatı, zövqlü dizaynı, elmi-bədii, publisistik məziyyətləri, poliqrafiq icrası ədibin əbədiyaşar ruhuna sayğı əlamətidir. Diqqətimi çəkən digər bir nüans: kitabın göz yormayan, baxdıqca baxılan yaşılımsov rəngli üz qabığı, bəlkə də Cavid Əfəndinin göz və qəlb yormayan əsərlərinə, oxuduqca oxunulan yaradıcılığına işarədir. Burada ədib zaman-zaman mətbuatda dərc olunan əsərləri fonunda və yuxarı hissədə görünür.
Əlbəttə, Hüseyn Cavid yaradıcılığını əhatə edən təhqiqat mərhələsinin zaman çərçivəsi genişdir. Fəqət ədibin bədii-publisistik məqalələri, resenziyaları, elmi-nəzəri fikirləri geniş və obyektiv şəkildə indiyədək elmi-nəzəri tədqiqata cəlb olunmamışdır.
Monoqrafiyanın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Şamil Vəliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçilər AMEA-nın həqiqi üzvü Teymur Kərimli və filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Ön söz müəllifi akademik İsa Həbibbəyli ədibin əsərlərini Azərbaycan ədəbiyyatı, publisistikasını isə milli jurnalistika tarixində yeni mərhələ kimi qeyd edir. Bundan sonra hər iki sahənin elm adamlarının, bilicilərinin monoqrafiya barədə, onun əhəmiyyəti haqqında qiymətli fikirlərini oxuyuruq. Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli həssas və vacib məqama toxunaraq qeyd edir: "Monoqrafiyanın dolğun mündəricatı araşdırmanın özünün də dolğun məzmuna malik olmasından xəbər verir".
Sevil Həsənova ədibin yaradıcılığına, ədəbi-bədii irsinə riyazi dəqiqliklə yanaşır, mündəricatda bu məsələ 1-dən 100-ə ardıcıllığı kimi davam edir. Tədqiqatçı hər mövzunu jurnalist qələmi və ədəbiyyatçı qəlbilə təhlil edir, düşüncə süzgəcindən keçirir. Sevil Həsənova dövrün böyük romantik sənətkarlarından olan Hüseyn Cavidin realist(lərə) yanaşmasını "H.Cavidin füyuzatçılarla əlaqələri, fəlsəfi-siyasi düşüncələri və realistlərə münasibəti" başlıqlı araşdırmasında oxucuya çatdırır. Araşdırmada ədibin realist ədəbi məktəbin nümayəndələrinə, ələlxüsus da Mirzə Cəlil yaradıcılığına olan rəğbətini görürük. Onların əqidə dostluğu, milli təəssübkeşliyi barədə yazının əvvəlində qısaca da olsa qeyd etdik.
Ümumiyyətlə, araşdırma oxucuya yol xəritəsi cızır, beləliklə, düşüncədə vacib qənaət formalaşır: Əli bəy Hüseynzadə və Hüseyn Cavid arasındakı ədəbi mövqe yaxınlığı, həmçinin Cavid Əfəndinin Mirzə Cəlillə əqidə bağlılığı: bu birlik elə o zamandan Azərbaycanın varlığından – "Dəmir Yumruq" gücündən xəbər verirdi. "Müstəqilliyimizin yenidən bərpa edildiyi bir zamanda bu ideologiyanın təbliği istiqlalımızın" (Sevil Həsənova) onurğa sütununa çevrildi.
Hər zaman sözə, sənətə qiymət verən əbədiyaşar Heydər Əliyev ədibin yaradıcılığı haqqında demişdir: “Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı...”
Sevil Həsənovanın elmi-ictimai fəaliyyəti, ələlxüsus da Hüseyn Cavid ruhuna ehtiramın nümunəsi kimi, həmçinin də Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ithafı olaraq zəhmətilə ərsəyə gətirdiyi monoqrafiya vətənsevərlik nümunəsi olmaqla yanaşı, habelə tələbələrin milli ruhda tərbiyə, təhsil almaları üçün də olduqca qiymətlidir.
Sonda bir məqamı da qeyd etməyi özümə borc bilir, zəruri hesab edirəm: Monoqrafiyanın müəllifi həm də müəllimimdir.
Cavidşünas alim – Sevil Həsənova bizə 2021-ci ildə – çətin pandemiya zamanı onlayn şəkildə "Radio jurnalistikası" fənnini tədris etdi.
Qrupumuzda tələbələrin əksəriyyəti qızlardan ibarət olduğu üçün, Sevil Həsənova yaradıcılığının bütün istiqamətlərində Azərbaycan qadınına münasibətdə özünün saf ideya-məfkurə sağlamlığı ilə seçilən Cavid Əfəndini xatırlayarkən qeyd etdi: "Elmlər Akademiyası universitetlərin çoxluğu ilə seçilən ərazidir. Burada Hüseyn Cavid parkının və heykəlinin olması gözəldir. İnanıram ki, vaxtilə qadın azadlığını yaradıcılığında işıqlandıran Əfəndini bu gün universitetin çoxminli gənc tələbə xanımları hər dəfə oradan keçərkən böyük sevgi ilə anırlar. Həmin ərazidəki piyada keçidinin daxilində ora yolu düşən hər kəsin Hüseyn Cavidə min rəhmət oxuyacağı misraları yer alır".
Beləliklə, fikirlərimin təyinetmə nöqtəsinə çatdım; "cavidşünas" təyininin Sevil Həsənova isminin önündə necə halallıqla dayandığına, monoqrafik tədqiqatın Hüseyn Cavid böyüklüyünə intəhasız sevgidən qaynaqlandığına bir daha əmin oldum.
Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi