Logo

AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüş olub

07.07.2023 10:50 210 baxış
IMG

AMEA ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) nümayəndələri arasında onlayn görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, görüşün keçirilməsində məqsəd AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili məsələlərinin müzakirəsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması olub.

Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin dövlət başçılarımızın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Azərbaycanla Türkiyənin bütün sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı 44 günlük ikinci Qarabağ müharibəsi ərzində başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, 85 milyonluq Türkiyə xalqının dəstəyini daim xatırlayır, öz minnətdarlığını bildirir və heç vaxt da unutmayacaq. AMEA rəhbəri, eyni zamanda, qardaş ölkədə baş vermiş meşə yanğınları və dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işinə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dəstəyini əsirgəmədiyini bildirib.

Bu gün Azərbaycanla Türkiyənin dostluq, həmrəylik münasibətlərinin dünya üçün nümunə olduğunu deyən akademik İsa Həbibbəyli son illərdə Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Türk Dövlətləri Təşkilatının fəaliyyətinin aktiv şəkildə canlandığını, Ulu Öndərin “Bir millət, iki dövlət” şüarının artıq Özbəkistanın, Qazaxıstanın və digər türk dövlətlərinin iştirakı ilə genişlənməyə doğru getdiyini söyləyib.

İsa Həbibbəyli AMEA ilə TÜBİTAK-ın uzun illərdən bəri səmərəli əməkdaşlıq etdiyini, qurumun rəhbəri, professor Hasan Mandalla görüşləri zamanı elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlığa dair müzakirələrin aparıldığını deyib. Qeyd edib ki, bu gün qarşıda duran başlıca məqsəd yeniləşən akademiya yaratmaqdır. Yeniləşən Akademiyada əsas hədəfimiz isə dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurları cəmiyyətimizə, dünyaya təqdim etməklə bərabər, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsidir.

“Əgər beş il əvvəl İnformasiya Texnologiyaları Cəmiyyətindən danışırdıqsa, artıq elektron dünyanın yarandığını demək mümkündür. Biz “Vikipediya”da Azərbaycanın yerini qüvvətləndirmək istəyirik. Akademiyanın institutlarının saytlarının müasir dövrün tələblərinə uyğun yenilənməsi, bir neçə dildə fəaliyyət göstərməsi istiqamətində işlər davam etdirilir. “Google Scholar” və digər elmi platformalarda alimlərimizin akademik profillərinin açılması yönündə fəaliyyətimiz genişlənməkdədir. Həmçinin elmi nəşrlərimizin beynəlxalq bazalarda yerləşdirilməsinə çalışırıq. AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsində maraqlıyıq. Bundan əlavə, humanitar və ictimai elmləri əhatə edən jurnallarımızın beynəlxalq bazalara daxil edilməsi qarşıdakı hədəflərimizdəndir. Beynəlxalq elmi reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması istiqamətində çalışırıq və bütün bu işləri qardaş Türkiyə ilə birgə görmək istəyirik. Bunun üçün MDB məkanında ilk dəfə AMEA-da elektron xidmətlərin təşkili üçün Elektron akademiya şöbəsi yaradılıb. Alimlərimizin məqalələrinə DOİ almaq istiqamətində işlər yekunlaşır. Elektron xidmətlər sahəsində birgə yol xəritəsini müəyyənləşdirməyi planlaşdırırıq”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Sonra ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu çıxış edərək AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını, Elmlər Akademiyasının qarşısına qoyduğu hədəflərə çatmaq üçün zəruri dəstəyi verəcəklərini bildirib. Qeyd edib ki, bu gün ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir və bu da elmi qurumlarımızın bir-birinə dəstək verməsinə, birgə irəliləməsinə yeni üfüqlər açır.

Mehmet Mirat ULAKBİM-in Dərgi Park elektron bazasından əlavə, türk dövlətlərinin istifadəsi üçün “Web of Science” elmmetrik bazasına bənzər yeni indeks üzərində çalışdıqlarını söyləyib.

Görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva, Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov, həmin şöbənin baş mütəxəssisi Aida Tağıyeva, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli çıxış edərək ULAKBİM tərəfindən Türk dünyası üçün indeksin hazırlanmasını yüksək qiymətləndirib, görüşün akademiyanın elektron mühitə inteqrasiyası baxımından əhəmiyyətinə toxunub, AMEA-nın nəşrlərinin ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi və bu sayədə alimlərimizin istinad göstəricilərinin yüksəlməsi, TÜBİTAK-ın elmi-populyar nəşrləri istiqamətində birgə əməkdaşlıq və s. barədə təkliflərini səsləndiriblər.

Sonda çıxış edən İsa Həbibbəyli görüşü yüksək qiymətləndirib, AMEA-nın tarixində yeni mərhələnin açıldığını və yeniləşən akademiya uğrunda qarşıya qoyulan hədəflərə çatmaq üçün nəzərdə tutulan fəaliyyətin bundan sonra da inamla davam etdiriləcəyini söyləyib.

Xəbər lenti