Logo

Osman Gündüz: "Dövlətə məxsus data sektorunda yetərincə problemlər var"

07.07.2023 13:27 193 baxış
IMG

"Hazırda Azərbaycanda dövlətin əlində nəhəng data formalaşıb".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, "E-gov" sahəsində ən ciddi problemlərdən biri də dövlətə məxsus bu dataların idarə olunması, onlardan effektiv istifadə olunmasıdır:

"Elə tendensiya formalaşıb ki, hələ də bəzi dövlət qurumları öz datasına özünün özəl məhsulu kimi baxır. İnteqrasiyaya digər dövlət qurumlarının və özəl sektorun ondan istifadəsinə imkan vermir. Məhz bunun nəticəsidir ki, bizdə hələ də  "E-gov" resurslarında olan şəxsi məlumatlar rəqəmsal sənəd statusuna malik deyil, sadəcə məlumatdır. Azərbaycan hazırda açıq məlumat bazalarına əlçatanlıqla bağlı region ölkələri arasında xoşagəlməz vəziyyətdə olan ölkələr sırasındadır. Çox məhdud sayda dövlət qurumların məhdud sayda da açıq bazaları əlçatandır. Biznes sektoru və startap ekosistem, analitik qurumlar və elmi araşdırmalar, müxtəlif süni intellekt həllərinin hazırlanması üçün bu datalardan effektiv istifafə vəziyyəti olduqca aşağı səviyyədədir".

Osman Gündüz bildirib ki, bəzi dövlət qurumları özünün datası üzərində kommersiya qurub və sakitcə pul qazanır, digərlərinə isə bu bazadan istifadəyə imkan vermirlər:

"Ümumiyyətlə dövlətə məxsus data sektorunda yetərincə problemlər var. Ən yaxşı halda yalnız dövlət qurumlarının özləri bu datalardan bəhrələnirlər, gəlirlər götürürlər, hansısa daxili qərarların qəbulu üçün bu dataların analitik təhlillərindən istifadə edirlər. Düşünürəm ki, "E-gov"a cavabdeh olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data departamenti bu sahədə qısa zamanda sektorda olan bu problemlərin aradan qaldırılmasında ciddi dönüş yaradacaq".

Kənan Nağıbəyli

Xəbər lenti