Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün çox əhəmiyyətli bir layihənin tətbiqinə start verir.
AGMA-dan "Tehsil.biz"ə bildirilib ki, iyulun 7-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayır.
2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.
“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.
Hər səviyyə üzrə təhsilini bitirən şagirdə müvafiq sertifikat veriləcək.
Layihədə yalnız xaricdə yaşayan soydaşlarımız iştirak edə bilər.
Qeydiyyat prosesi bu il iyulun 12-dək anadili.agma.az platforması vasitəsilə aparılacaq.