AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəls.ü.f.d. Elnur Mustafayev Qarabağın maddi-mədəni irsinin, həmçinin bu ərazilərə aid epiqrafik abidə və daş kitabələrinin tədqiqi məqsədi ilə Şuşa şəhərinə səfər edib.
E.Mustafayev tədqiqat müddətində Şuşa şəhərinin maddi-mədəni irsinə aid Yuxarı Gövhər Ağa, Saatlı və Seyidli məscidlərinin, Məşədi Hüseyn Mirsəyyaf oğlu karvansarası və Mamay bulağının, eyni zamanda Uğurlu bəy, Hacıqulu bəy, Şirin bəy və Bülbülün malikanələrinin daş kitabələrini araşdırıb.
Şərqşünaslıq İnstitutunun əməkdaşı tədqiqat zamanı Yuxarı Gövhər Ağa məscidinin həyətində mövcud olan kiçik məzarlığa aid epiqrafik abidələrə həkk olunmuş yazılarda bəzi maraqlı faktları aşkarlayıb. Belə ki, xatirə abidələrinə ərəb-fars dillərində həkk olunmuş yazıların tədqiqi zamanı məlum olub ki, burada dəfn olunanların mütləq əksəriyyəti 1905-ci ildə mənfur düşmənlərimiz, ermənilərin Şuşa şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində həlak olan şəxslərin məzarlarıdır.
Həmin məzarlıqdakı bir neçə başdaşının üzərinə həkk olunmuş yazılar xüsusi maraq və əhəmiyyət kəsb edir. İlk növbədə, həmin xatirə abidələrindən birinin üzərindəki mətnin orijinalını və tərcüməsini qeyd edirik:
مرقد مشهدي سليمان بن كربلائي رستم در دست أرامنه مقتول شد در غره رجب ١٣٢٣
Tərcümə: “1323-cü il rəcəb ayının əvvəlində ermənilər tərəfindən qətlə yetirilmiş Məşədi Süleyman Kərbəlayi Rüstəm oğlunun qəbridir”.
Məzarın üzərində göstərilən tarix miladi 1905-ci il avqust ayına təsadüf edir ki, bu ildə ermənilər tərəfindən müxtəlif bölgələrdə azərbaycanlılara qarşı kütləvi qətliamlar təşkil edilmişdir. Burada vacib olan məqam isə məzarın üzərində “ermənilər tərəfindən qətlə yetirilmişdir” ifadəsinin xüsusi qeyd edilməsidir. Bu fakt özü-özlüyündə erməni vəhşiliyini və mənfur düşmənin xalqımıza qarşı törətdiyi cinayətləri sübut edən əyani faktdır.
Qeyd edək ki, 1905–1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. 1905-1906-cı illərdə Cənubi Qafqazda erməni və azərbaycanlı müsəlmanlar arasında ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində olmuşdur. M.S.Ordubadi “Qanlı illər” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazırdı ki, 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə bir azərbaycanlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər.
Tarixi mənbələrdə qeyd edilən məlumatlara əsasən avqust ayının 16-da erməni daşnak silahlıları üç istiqamətdə Şuşanın azərbaycanlı-müsəlman əhalisi üzərinə hücuma keçdilər. Ermənilərin 1-ci dəstəsi Yuxarı Xəlfəli qapısına, 2-ci dəstəsi Meydana, 3-cü dəstəsi Köçərli məhəlləsinə hücum etdilər. Qalan ermənilər isə əvvəldən qazılmış səngərlərə girdilər. Ermənilər Köçərli məhəlləsində beş nəfəri, doxsan yaşlı Abbas bəyi, onun oğlu və qardaşı oğlunu, Nuşirəvan adlı bir gənci gəlini ilə birlikdə öldürüb evlərinə od vurdular. Ermənilər Köçərli məhəlləsində on beşə qədər müsəlman evini qarət edib yandırdılar. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi azərbaycanlı-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır.
Bu xüsusda Azərbaycan tarixinin öyrənilməsi və tarixi sərhədlərinin müəyyənləşdirilməsində epiqrafik abidələr böyük əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən epiqrafik abidələrin tədqiqi və qəbirüstü abidələrdə əks olunmuş epitafiyaların yeni reallıqlar kontekstində oxunması müasir Azərbaycan elminin qarşısında duran aktual problemlərdən biridir. Belə ki, epiqrafik abidələrdə həkk olunmuş yazılar regionda yaşayan xalqların təşəkkülünün həm ilkin mərhələlərini, həm də əhalinin etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin, eləcə də xalqın etnogenezinin, dini-milli dünya görüşünün və əhali arasında hakim olan ideoloji məsələlərin müəyyənləşdirilməsində ən əlverişli vasitələrdən biridir.
İşğaldan azad olunmuş Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ ərazisində mövcud olan epiqrafik abidələrin öyrənilməsi çox böyük əhəmiyyətə malikdir. Qarabağda inşa olunmuş məscid, mədrəsə, karvansara və türbələrin üzərindəki daş kitabə yazıları, eyni zamanda müsəlmanlara aid qəbirüstü epitafiyalar bir çox həqiqətlərin üzə çıxarılmasında və erməni yalanların ifşasında mənbə kimi istifadə edilə bilər.