Logo

Deputat: "Ali məktəbi bitirənlər həyatda çaş-baş qalmamalıdırlar"

09.07.2023 21:40 663 baxış
IMG

"Azərbaycan 32 ildir ki, müstəqil dövlətdir. Bu illər ərzində hələ də ali məktəblərin dürüst akkreditasiyası aparılmayıb. Təhsilin keyfiyyəti dürüst qiymətləndirilmirsə, hansı irəliləyişdən danışmaq olar? Boloniya Bəyannaməsinə görə təhsilin keyfiyyətini qiymətləndirən Bürolar müstəqil olmalıdır. Təəssüflər olsun ki, bu qurum hələ də nazirliyin tərkibində fəaliiyyət göstərir".

Tehsil.biz xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev Milli Məclisin deputatı Vüqar Bayramovun "Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanlarında 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin, həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər", - deyə təklifinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, dürüst monitorinq aparmaq üçün real şərait olmalıdır:

"Monitorinqi kimlər aparacaq? Monitorinqi aparanlar "Pedaqogika", "Psixologiya", "Fəlsəfə" və ixtisas fənlərini bilənlər olmalıdır. Fənn proqramları və dərsliklər yenilənirmi? Müəllimlər kitabxanadan istifadə edirlərmi? Müəllimin fənlərarası yanaşmadan xəbəri varmı? Müəllim keçdiyi dərsdə hansı dərsliklərdən istifadə edir? Müəllim xarici dillərdən hansını bilir? Müdafiə olunan işlərin mövzularının tədrislə əlaqələri varmı? Dekanlar kimlərdir? Kafedra müdirləri kimlərdir? Keyfiyyətli təhsil mühiti varmı? Universitetlə məktəb arasında əlaqələr demək olar yoxdur. Ali məktəbi bitirənlər həyatda çaş-baş qalmamalıdırlar. Özləri üçün çıxış yolları axtarmalıdır. Bu əlbəttə ki, onlara verilən biliklərdən asılıdır".

Etibar Əliyev qeyd edib ki, təhsil haqqında mövzulara toxunanda dərhal əməkhaqqı məslələrini önə çəkirlər:

"Bəli, bu məsələ də vacibdir. İnanın, Qərbdə və təhsil sistemləri inkişaf etmiş ölkələrdə keyfiyyətsiz dərs deyən müəllimə heç 10 dollar da verməzlər. Bu ölkələrdə səriştəsiz rektor anlayışı isə ümumiyyətlə işlədilmir. Biz böyük qələbimizi insan kapitalına çevirməliyik. Hər kəs bunun üçün çalışmalıdır".

Kənan Nağıbəyli

Xəbər lenti