AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun ölkə üzrə əməkdaşlıq çərçivəsinin hazırlanmasına dair missiyası ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, akademik Arif Həşimov görüşün əhəmiyyətli məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. O, Azərbaycanın dünyanın aparıcı maliyyə-kredit qurumlarından biri olan və müsəlman ölkələrini əhatə edən İİB-ə 1992-ci ildə üzv olduğunu xatırladıb. Akademik İİB-in fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdə böyük rola malik olduğunu vurğulayıb.
A.Həşimov AMEA-da son illərdə mühüm elmi istiqamətlər üzrə aparılan tədqiqatlar haqqında məlumat verib, İİB ilə əməkdaşlığın bu tədqiqatların dünyanın nüfuzlu elm və təhsil qurumlarında aparılan araşdırmalarla əlaqələndirilməsi baxımından böyük səmərə verəcəyinə əminliyini bildirib. Akademik gələcəkdə yaşıl texnologiyalar, müasir suvarma sistemləri, yaşıl hidrogen və sair istiqamətlərdə birgə icra olunacaq innovativ layihələrlə bağlı təkliflərini səsləndirib.
İİB tərəfdən Əməliyyat Qrupunun rəhbəri Koxorjon Aminov son zamanlar ölkəmizin sürətli inkişafının şahidi olduqlarını qeyd edərək, İİB-in bu keçid dövründə Azərbaycana bir çox istiqamətlər üzrə dəstək verdiyini diqqətə çatdırıb. O, həmçinin İİB-in Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib.
İİB-in elm, texnologiya və innovasiya təşəbbüsləri üzrə mütəxəssis Nedal Ali İşaq isə AMEA-nın iki əməkdaşının dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili almasına dəstək verdiklərini xatırladıb. O, akademiyanın magistrantlarının da digər ölkələrdə təhsil və təcrübə keçmələrinə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.
Görüş çərçivəsində AMEA ilə İİB arasında həyata keçirilən əməkdaşlıq, planlaşdırılan birgə layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Qonaqlar AMEA-da aparılan tədqiqatların, həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını bildiriblər. Qrupun nümayəndələri İİB və AMEA arasında müvafiq istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və İİB-in Azərbaycan üzrə nümayəndəsi Şəhla Məmmədova da iştirak ediblər.