Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Dərzi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, “Modepoint” atelye ilə agentlik arasında əməkdaşlıq çərçivəsində ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan həmin şirkətin istehsalat bazasında təşkil edilib.
Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Dərzi” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Dərzi” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.