Logo

Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir

13.07.2023 00:01 309 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Tehsil.biz xəbər verir ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeydiyyat üçün son tarix 31 iyul tarixidir. Qeyd olunan tarixə kimi ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Xəbər lenti