Logo

ATGTİ-dən tələbələrin psixoloji rifahını yaxşılaşdıracaq layihə

18.03.2021 14:02 942 baxış
IMG

11-17 mart tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Mənəvi rahatlığın başlanğıcı” 4 günlük psixoloji-təlim layihəsinə yekun vurulub.

 

“Ünsiyyətdə bədən dili” adlanan ilk təlimdə layihənin ideya müəllifi və təlimçi Xanım Abdullayeva ünsiyyət zamanı bədən dilinin önəmini və uğurlu ünsiyyət üçün bədən dilindən necə istifadə olunması haqqında geniş məlumat verib, tələbələrin suallarını cavablandırıb.

 

İkinci təlim uzman klinik psixoloq, psixoterapevt Sevinc İsmayılova tərəfindən keçirilib. “Uşaqlıq travmalarının həyatımıza təsiri” adlanan təlimdə uşaqlıq zamanı yaşanan travmalar və onların həyatımıza təsirinin nəticələrinə toxunulub. Maraqlı psixoloji testlərlə yadda qalan təlim zamanı iştirakçılar travma dərəcələrinin yoxlanılması və meditasiya üzrə bir sıra testlərdən keçiblər.

 

Bundan əlavə bir çox sualların cavablarına aydınlıq gətirilib.

 

“İnsanların psixoloji sərhədləri” adlı üçüncü təlim Amerika Psixoloqlar Assosiasiyasının beynəlxalq statuslu üzvü, Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva tərəfindən həyata keçirilib.

 

Həyatda sərhədlərə olan ehtiyac və onların düzgün müəyyənləşdirilməsinin vacibliyi kimi önəmli məsələlərə toxunan psixoloq, həmçinin psixoloji sərhədləri müəyyən etməkdə qarşıya çıxan çətinliklər haqqında da ətraflı məlumat verib.

 

“Sərhədsiz həyat yoxdur, həmin o sərhəd də bizim xarici dünya ilə əlaqəmizi təmin edir”,- deyə bildirən Nərmin Quliyeva 2 saata yaxın davam edən təlimdə mövzu ilə bağlı bir sıra vacib aspektlərə toxunub. Həmçinin psixoloq ona ünvanlanan sualları da cavabsız qoymayıb.

 

Sonuncu təlim psixoloq, psixoloji-publisist yazıçı Yeganə İskəndərova tərəfindən baş tutub.

 

“Stressin idarə edilməsi və qarşıya qoyulan məqsədlərə necə çatmaq olar?” mövzusunda olan təlim stressin həyatımıza təsiri, məqsədlərimizə mənfi təsiri və bu kimi bir çox aktual məsələləri əhatə edib. Psixoloq məqsədlərə çatmaq üçün ən başlıca maneə olan stress yaradan problemlərdən qurtulmağın vacibliyini vurğulayaraq, tələbələrə bir sıra önəmli məsləhətlər verib.

 

Koronavirus pandemiyası səbəbilə onlayn formatda baş tutan təlimlərdə müxtəlif ali və orta təhsil müəssisələrindən ümumilikdə 800-dən çox tələbə iştirak edib. Minimum iki təlimdə iştirak etmiş şəxslər ATGTİ və ADMİU TGT tərəfindən sertifikatla təltif olunacaqlar.

Xəbər lenti