Logo

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək

15.07.2023 19:24 250 baxış
IMG

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağında ölkə Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il tarixli 3 noyabr Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti də müzakirə olunub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə Əliyevanın fəaliyyətindən söz açıb. O, dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin elm və təhsil müəssisələrində, eləcə də səhiyyə sistemində və AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edildiyini bildirib.

Alim, həmçinin bu ilin sentyabrında AMEA Biologiya və Tibb Elmləri Bölməsinin, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndərin və Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilən “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktik konfransın keçiriləcəyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti “Həyat elmləri və biotibb” jurnalının akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışının dərc olunduğunu deyərək oftalmoloq-alimin elmi fəaliyyətini əhatə edən 23 məqalədən ibarət bu nəşrin elmimiz üçün əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, akademik Zərifə Əliyevanın biblioqrafiyasının nəşr edildiyini və görkəmli alimin 100 illiyinə həsr olunan monoqrafiyanın hazırlandığını və ilin sonuna kimi çap olunacağını qeyd edib.

Xəbər lenti