Şəffaf, ədalətli müəllim seçimi
Bakı şəhəri 263 nömrəli tam orta məktəb həyəcanın, sevincin mərkəzidir bu günlərdə. Yəni, məktəb müəllimlərin işə qəbulu üzrə imtahan mərkəzidir. Bu həyəcanı yaşayanlardan biri də balaca Lalədir. Nənəsi ilə birlikdə anasının yolunu gözləyir. Yorulsa da, bunu büruzə vermir, amma gözləri yoldadır. Nənəsi Arzu Fətəliyevadan öyrəndik ki, nəvəsi ilə birlikdə qızını gözləyirlər: “Qızım Əfsanə Kərimli imtahandadır, onu gözləyirik. Yaxşı bal toplayar, sevindirər bizi. Şəkidə işləyirdi, yaxşı müəllim idi. Sonra ailə qurub, Bakıda yaşadı. Bu səbəbdən müəllimliyə ara vermişdi. İndi imtahan verib yenidən işləmək istəyir”.
İmtahanlar izlənilir
Dünən, iyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə məktəbə mediatur təşkil edilib. Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar imtahan prosesini izləyiblər.
Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirakçılara bildirib ki, yüksək bilik və bacarığa malik perspektivli müəllimləri seçmək, tədris prosesinin keyfiyyətini yüksəltmək müsabiqənin əsas məqsədlərindəndir. Həsən Həsənli həmçinin yeni və peşəkar kadrların cəlb edilməsi ilə son iki ildə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfərin işə qəbul olunduğunu qeyd edib: “Müəllimliyə hər il artan maraq var və bunu görmək bizi sevindirir. Ən böyük imtahan mərkəzlərimizin birində olmaq, imtahanları izləmək və müəllimliyə artan marağı bir daha görmək fürsətimiz oldu”.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin məqsədi, təşkili qaydalarını və yenilikləri diqqətə çatdırıb.
Mediatur iştirakçılarına məlumat verilib ki, bu il MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib.
Əvvəlki illərdən fərqli olaraq, imtahan zamanı namizədlərə 150 dəqiqə vaxt verilir. Bununla yanaşı, ilk dəfə olaraq eyni seansda 8 000-dən artıq namizəd imtahana qatıla bilir ki, bu da namizədlər arasında daha ədalətli rəqabət imkanı yaradır.
İmtahanların birinci günü, iyulun 11-də də imtahanlar izlənilib. Həmin gün elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının gedişatını Şamaxıda izləyib. Nazir müavini Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyevlə birlikdə Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə təşkil edilən imtahan mərkəzində olub. Həsən Həsənli bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik müəllimləri aşkarlamaq imkanı verir, nəticə etibarilə, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir.
Qeyd edək ki, MİQ-in test imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə - Şamaxı şəhəri 6 və 9 nömrəli tam orta məktəblərdə keçirilir.
İmtahanlar 2 gündür başlayıb, 2 gün də davam edəcək
Xatırladaq ki, dünən iyulun 13-də, imtahanların üçüncü günü müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11004, musiqi fənni üzrə isə 3255 namizəd dəvət olunub.
İmtahanların birinci günü riyaziyyat fənni üzrə 4400, fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd dəvət edilib. İmtahanların ikinci günü, iyulun 12-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak ediblər. Test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.
Qeyd edək ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edir və ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. İmtahanlara 58000-ə yaxın namizəd dəvət olunub.
Arzu Nağıyev: “Elə hesab edirəm ki, imtahana qatılan hər namizəd prosesdən razı qalıb”
Müəllimlərin işə qəbulu imtahanlarını ictimaiyyət də diqqətlə izləyir. Milli Məclisin deputatı Arzu Nağıyev müəllimlərin işə qəbulu imtahanlarını yaxından izləyənlərdən biridir: “Müəllimlərin işə qəbulu imtahanını dəfələrlə izləmişəm. Hər hansı neqativ fakt, hər hansı problem müşahidə etmədim. Elə hesab edirəm ki, imtahana qatılan hər namizəd də prosesdən razı qalıb. Çünki şəffaf və sağlam imtahan mühiti yaradılıb və hər kəs biliyinin gücü ilə özünə iş yeri qazanır. Düşünürəm ki, bu ədalətli mühiti yaradan Elm və Təhsil Nazirliyinin fəaliyyəti təqdirəlayiqdir”.
Arzu Nağıyev imtahan zalında ibtidai sinif müəllimliyinə namizədlərin yaşı ilə maraqlanıb: “Mənə maraqlı idi ki, körpələrimizə dərs deyəcək şəxslər kimlərdir? Hesab edirəm ki, bu mediatur vasitəsilə marağımı da təmin etdim. Gördüm ki, böyük əksəriyyəti gənclərdir”.
Ceyhun Məmmədov: “MİQ imtahanlarının əhəmiyyəti böyükdür”
Millət vəkili Ceyhun Məmmədov: “MİQ imtahanlarının əhəmiyyəti böyükdür. Bu imtahanları şəffaf, ədalətli keçirməklə birincisi savadlı, bacarıqlı kadrları müəllimliyə cəlb edirik, ikincisi neqativ halları aradan qaldırırıq. Müəllimlərin işə qəbulu mütəşəkkil, sistemli prosesdir. Sadəcə praktiki məsələlər ortaya çıxa bilər. Düşünürəm ki, həmin halları aradan qalfırmaq üçün mexanizm hazırlanmalıdır. Onu da Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə müzakirə etdik. Bu müzakirələrdən sonra qəti qənaətim bundan ibarətdir ki, mövcud çətinliklər də tezliklə həllini tapacaq”.
“Namizəd bilirsə qazanır, bilmirsə yox”
Qönçə Ələkbərova 2022/2023 tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında yüksək bal toplayaraq Bakıdakı təhsil müəssisələrindən birində müəllimlik fəaliyyətinə başlayıb: “Son 5 ildə hər il müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmişəm. Ötən il 95.81 balla 112 nömrəli tam orta məktəbdə fəaliyyətə başladım. Son 5 ildə hər il müsabiqəyə qatıldığımdan bu il özümü boşluqda kimi hiss edirdim. Bu boşluğu da mənə imtahanları izləmək imkanı yaradaraq Elm və Təhsil Nazirliyi doldurdu. MİQ-ə qatılmadığım üçün özümü qəribə hiss edirdim. Sağ olsunlar, mediatura qatılaraq bu hissi bu il də yaşamağıma kömək etdilər. Bu gün bəlkə həyəcan və məsuliyyət olmayacaq deyə düşünürdüm, amma belə olmadı. Əksinə, bu gün zalda imtahan verən hər namizəd üçün həyəcan keçirdim. Hətta onlar üçün narahat oldum”.
Qönçə müəllim deyir ki, imtahanları elə müşahidəçi kimi də, iştirakçı kimi də ədalətli, şəffaf hesab edir: “Namizədlər narahatlıq yaşamır, sadəcə suallara köklənir, bilirsə qazanır, bilmirsə, yox. Buna heç kəsin şübhəsi qalmır. Başqa sözlə, imtahanlarda ədalətə, şəffaflığa şübhə yoxdur”.
Orxan Məmmədov: “Şəffaflığın da, ədalətin də şahidiyəm”
Orxan Məmmədov da ötən il müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib və 92.5 bal toplayıb: “6 ildir MİQ imtahanlarında iştirak edirdim. 6 ildir şəffaflığın da, ədalətin də şahidiyəm. Hər il daha çox çalışmalıyam, deyib yenidən imtahana hazırlaşmışam. Əgər ədaləti görməsəydim, yenidən imtahana hazırlaşmağa özümdə güc tapa bilərdimmi? Hər il topladığım bal rayonlarda işləməyə imkan verirdi. Bakıdan kənarda vakansiya seçə bilmirdim. Lakin ötən il topladığım bal da, vakansiya da çox idi və mən oxumağı arzuladığım məktəbdə işləmək şansı qazandım”.
O.Məmmədov bu gün imtahan zalında eyni həyəcanı yaşasa da, imtahan verməməyin rahatlığını da hiss edib. Dediyinə görə, imtahan elə müşahidəçi kimi də həyəcanvericidir.
ONLAR İMTAHAN VERDİLƏR
Aygün Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetinin builki məzunudur. İbtidai sinif müəllimliyi üçün verdiyi imtahanda 77 bal toplayıb: “Hazırlaşmışdım da, düşünürəm ki, daha yüksək bal toplaya bilərdim”.
Aysel Alyarova da Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 80.5 balla iyulun 13-də keçirilən imtahanlarda səhər seansının uğurlu namizədlərindən olub. Elə müəllim kimi də uğur qazanacağına şübhəsi yoxdur: “Universiteti 90.5 balla bitirmişəm. Fəal tələbə olmuşam, təlimlərə, tədbirlərə qatılmışam. Daim öz üzərimdə işləyən biriyəm. Keçən il MİQ imtahanlarında da yaxşı nəticə göstərmişdim. Amma vakansiya olmadığı üçün 1 il müddətli müqavilə ilə çalışdım. Suraxanı rayon 118 nömrəli tam orta məktəbin müəllimi idim”.
Müəllim olmaq istəyənlərə də sözü var: “Sadəcə öz üzərlərində çalışsınlar. Əmin olsunlar ki, mütləq nəticəsi olacaq. Hədəfimdə müəllim olmaq var, fərqi yoxdur mən bu işi harda görəcəyəm. Son bir ildə uşaqlarla işləyərək peşəmi sevdim. Hazırlaşan namizədlərə, müəllimlərə tövsiyəm odur ki, situativ suallar işləsinlər, kurikuluma diqqət yetirsinlər”.
Aysel Əzizova imtahanda 89.5 bal toplayıb: “Çox ədalətli, şəffaf imtahan keçdi. Hazırlaşmışdım” deyir. Gəncə Dövlət Universitetini 2021-ci ildə bitirib. MİQ-ə hazırlaşıb. Keçən il 82.5 bal toplayıb, bu il 89.5 balla müəllim olmaq istəyir.
Saidə İlyasova isə imtahana həyat yoldaşı və qızı Mənsumə ilə gəlib. Anası gələnə qədər atası ilə onu gözləyib və azca yorulub. Amma imtahan verən böyükləri izləmək ona çox maraqlıdır. Qızını gözlətməyə dəyibmi, bəs? “Azərbaycan dili çox rahat idi, 20 sualdan 19-na cavab yazdım. Amma kurikulum və riyaziyyatdan çətinliyim oldu deyə 70 bal topladım”.
S. İlyasova Gəncə Dövlət Universitetinin 2023-cü il məzunudur, Gəncədə işləmək istəyir.
Ruhiyyə DAŞSALAHLI