Logo

"Gecələrim, gündüzlərim sənə həsrət..."

16.07.2023 22:00 320 baxış
IMG

Zülfüqar Şahsevənlinin ADU-nun müəllimi Sədaqət Fuadın yaradıcılığı haqqında yazdığı "Gecələrim, gündüzlərim sənə həsrət..." adlı yazısını təqdim edirik. 

Qərib, qəmgin misraları, zərif duyğuları, kövrək qəlbi, yol çəkən gözləriylə boynubükük bənövşəyə bənzəyir o. Titrək, hüznlü, göynəm-göynəm səsində bala dağının ağırlığını, yanğısını hiss edirəm. Qəmli bir bayatı yadıma düşür: 

Əzizinəm, şam bağlar,

Şam bağçalar, şam bağlar.

Könlüm elə virandır

Arı gəlsə, şan bağlar.

Dörd ildir ki, tək-tənha, Fuadından yadigar qalan sükut dolu otaqda oğlunun əlləriylə səliqəylə sıralanmış kitablara, rəngbərəng qalstuklara, qələmlərə, ütülənmiş köynəklərə, yol qeydləri olan mil-mil dəftərçələrə, albomdan boylanan şəkillərə göz yaşlarıyla sığal çəkir, "səndən vəfalıymış xatirələrin" deyib yana-yana ağlayır.

...Yaxşı ki, xatirələr var. Doğmalarımız, əzizlərimiz bu dünyadan köçüb gedir, onları yaşadan, unudulmağa qoymayan xatirələr, nağıllar, nəğmələrsə yaşayır. İnsanlardan ümidli, insanlardan vəfalı xatirələr...

Oğlum, yaman üşüyürəm,

Bu qışı da ötürmüşəm.

May ayıdır... mən könlümdə

Sənsizliyin soyuğunu gətirmişəm.

Çiçəklərim yolunubdu ləçək-ləçək,

Ruhum, könlüm dağılmış bir yuva kimi.

Zaman keçir mənim üçün

Rüzgarlı bir hava kimi.

Sənsizliyin ağrısını daşıyıram,

Həsrətini yaşadıram ürəyimdə.

Daha dözmür ürəyim də.

- Bir vaxtlar qanadlarım vardı, uçardım, deyir kövrək şairəmiz, bədii qiraət ustamız, tələbələrin sevimli müəllimi, bir çox həzin mahnı mətnlərinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sədaqət Fuad.

- Oğlumun müsibəti sındırdı qanadlarımı. Göylərdə uçarkən torpaqlar qoynuna düşdüm...

Səxavətin yeri, göyü ağladan səsi yadıma düşür:

Azad bir quşdum,

Yuvamdan uçdum,

Torpağa düşdüm

Bu gənc yaşımda.

Fuad Musazadə orta təhsilini Bakı Anadolu Liseyində almış, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr, magistr pillələrini qırmızı diplomla bitirmiş, Azərbaycan İctimai Televiziya və Radio yayımları şirkətində Hüquq və Beynəlxalq əlaqələr Departamentində koordinator kimi çalışmış, bir neçə il Avroviziya mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin mətbuat katibi olmuş, Evromediya, MQP-da hüquqşünas və beynəlxalq əlaqələr üzrə mütəxəssis, Azərbaycan respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifələrində çalışmış, son fəaliyyətini Azərbaycan Televiziyasında davam etdirmişdi. Avroviziya mahnı müsabiqəsi üçün ingilis dilində yazdığı "Sevgiylə bütünləşmək" mahnısının sözləri rəğbətlə qarşılanmışdı.

Fuad 31 yaşında xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Ömrünün çiçəkləndiyi, arzularının coşub-çağladığı bir vaxtda qəfil ölümə tuş gəlməsi çoxlarını yandırıb yaxdı.

Sədaqət xanım özü kimi saf, nəcib, vətənpərvər, millətini ucaldan bir oğul böyütmüşdü. Fuad onun üçün bir ilk bahar idi. Getdiyi hər səfərdən qayıdanda bahar nəsimi əsirdi könlündə. İndi Fuadsız şair demiş "tənhalıqda yel ağzında titrəyən qəribsəmiş tək sünbüldən betər"di.

Sən ki, müjdə idin bir ilk bahardan,

Ətrini duyurdum mən çiçəklərdən.

Getmisən, yollarda qalıb gözlərim,

Qəm yağır qurumuş o ləçəklərdən.

Sədaqət xanımın şeirlərinin hər birinin öz taleyi var. Yaşadığı anın dərdlərini lakmus kağızı kimi qəlbinə hopduran, ürəyinin qanıyla yaralı elegiyalar yazan Sədaqət xanım dərd əkib, qəm göyərdən şairlərimizdəndir.

Mən bu şeirləri oxuduqca taleyə, bəxtə, qismətə, alın yazısına necə də inandım.

Hara baxsam, sən ordasan,

Uzaqda yox, yaxındasan.

Səni görür yenə gözüm,

Amma niyə çatmır əlim?

Əlim yansın, əlim, əlim.

 

Susub məni dinləyirsən,

Yenə gülür gözəl üzün.

Amma yaman dəyişmisən,

Dinləyirsən, danışmırsan,

Hanı yavrum, şirin dilin?

Dilim yansın, dilim, dilim.

 

Mənsiz bir yaş böyümüsən,

Qürub rəngi geyinmisən

Sən köksümdə vətən kimi

Gecə, gündüz döyünürsən,

Külüm yansın, külüm, külüm.

Sədaqət xanımın göz yaşlarından doğan, müqəddəs kədərə bürünən şeirlərindəki əhval-ruhiyyə insanı sındıran, ağır iztirablara qərq edən, bədbin notlara kökləyən əhval-ruhiyyə deyil. Bu kədərin qoynundan sıyrılan etiraz, üsyan əslində namərd ölümə üsyandır.

Təkəbbürsüz, iddiasız, sakit axarlı şeirləri ilə könüllərə həzin bir sərinlik çiləyən Sədaqət Fuad poeziyası bulaq kimi dumduru, dəniz ləpələri kimi lacivərd, cilvəlidir.

Hər insan taleyi yazılmamış bir kitabdır. Sədaqət Fuadın oxuduğum hər bir şeirləri də ömür kitabından yarpaqlardı. Baharın yaşıl, payızın qəmgin, qüssəli, yağmurlu yarpaqları...

Sədaqət xanım həm də vətəndaş şairdir. Onun vətən sevgisiylə bağlı şeirlərində ictimai borcun sərhədlərini dərk etmək, duymaq hissi, duyğusu güclüdür.

Ayırdılar vətəndən

Oldun dustaq, bağrı qan.

İllərin həsrətinə dirəndin,

dözdün, Şuşam.

 

Yetişdi övladların

Ayrılıq bitdi, Şuşam.

Gözlərin aydın olsun,

Vüsala yetdin, Şuşam.

Bəlkə də xarıbülbül

Gül açmayıb otuz il.

Dumandan yaşmaq çəkib

Göz yaşı olub sel-sel.

 

Bulaqlar ağlar qalıb,

Cıdır düzü gileyli.

Eheyy, Məcnun oğullar,

Gözü yaşlıdı Leyli.

 

Ümidini kəsmədin,

Şuşam, dözdün, gözlədin,

Göyür-göyür göynədin,

Sızım-sızım sızladın.

 

Yetişdi övladların,

Hicranın bitdi Şuşam.

Gözlərin aydın olsun,

İndi azadsan, Şuşam.

Sədaqət xanımın yazdığı şeirlərin mayasında, ruhunda bir sınıqlıq, bir həsrət, taledən, ömürdən, gündən şikayət motivləri var. Bu ağrı-acı, kədər iztirab nədənsə mənə Xan qızı Natəvanın çəkdiyi acıları, iztirabları xatırlatdı.

Min illər keçsə də, övladı üçün göz yaşı tökən anaların faciəsi, dərdi, kədəri, nisgili eynidir. Bircə arada vaxt, zaman məsafəsi var.

Şairlər Ulu yaradana - Tanrıya yaxın olurlar. Bu pıçıltının, deyimin özündə bir sirri-xudalıq, doğmalıq var. Hərgah yer üzünün bütün canlıları yaradanın, Ulu Tanrının nəzərində eynidir. Görünür, bu, zikr məqamının şairlərə diktəsidir.

Sədaqət xanımın oxuduğum şeirlərinin bir çoxunda bu mübhəm anları duyub, hiss etdim. Hər bir şairin öz sirli kainatı var və bu sirli kainatın dan yeri olduğu kimi, qurub çağı da var.

Sədaqət Fuad kədəri, qəmi, sevgisi, sevinciylə bizi sınaqlara çəkən dünyamızın ağrı-acılarını, dərdlərini yaşayan və bu duyğuları müqəddəs kədərə çevirib yaşadan yaradıcı bir ziyalımız, qələm dostumuzdur.

Sonda "gecələrim, gündüzlərim sənə həsrət", - deyib gözləri yol çəkən Sədaqət xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Xəbər lenti