Oktyabrın 26-27-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində “Əlyazmalar kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələri kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Bildirilib ki, institutun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, mədəniyyətşünaslıq, fəlsəfə və teologiya bölmələri üzrə məruzələr dinləniləcək.
Konfrans “Yazılı materiallarda Azərbaycan -Türkiyə elmi-mədəni əlaqələri”, “Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində”, “Türk xalqlarının yazılı folklor abidələri”, “Türkologiyanın aktual problemləri və ədəbi dil məsələləri”, “Türk xalqları tarixi əlyazma kontekstində”, “Türkdilli əlyazmalarda fəlsəfə, teologiya və mədəniyyət məsələləri” mövzularını əhatə edir. Konfrans iştirakçıları Azərbaycan, türk və ingilis dillərində məruzə edə bilər. Konfransda iştirak əyani və onlayn (xaricdən qoşulanlar üçün) şəkildə mümkündür. Konfrans materiallarının toplu halında nəşri nəzərdə tutulur.
Konfransda iştirakla bağlı məlumat və xülasə Azərbaycan və ya Türkiyə türkcəsində açar sözlərlə birgə sentyabrın 6-dək [email protected] ünvanına göndərilməlidir. Azərbaycan dilində təqdim olunan məruzə mətnlərinə ingilis, digər dillərdə tərtib edilən mətnlərə isə Azərbaycan dilində xülasə əlavə olunmalıdır.
Xülasəsi müsbət rəy alan şəxslər sentyabrın 20-dən 30-dək məruzələrinin tam mətnini [email protected] ünvanına göndərməlidirlər.
Qeyd: Təşkilat komitəsi xülasələrin seçilməsi, məruzənin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən) və geri qaytarılması hüququna malikdir.