Logo

Dəyişməyək, inkişaf edək

17.07.2023 22:32 266 baxış
IMG

Bu günə qədər ara-sıra və ərklə üz tutduğum bir ünvan var. O ünvan ki, orada uşaqlıq xatirələrimin müəyyən bir hissəsi yaşayır. Həmçinin ev sahibləri ziyalı və ziyansız insanlar olduğundan, onlardan çox öyrənirdim. Elm və biliklərini səxavətlə böldükləri kimi, süfrələri də hər kəsin üzünə açıq idi. 

Elə ki mənzil başına yetişdin, əl-üz yuyulmalı, yemək yeyilməli, ya hansısa kitabdan, qəzetdən azı bir səhifə oxunmalı, sonra da həyətə düşüb, evin ətrafındakı nadir palıd, şam, cökə və digər ağaclar barədə, ərazidə yerləşən küçələrin adları, əhəmiyyətli tikililər haqqında məlumat alırdım. "Dakar meydanı"nıyla da elə o zaman məni onlar tanış etmişdi.

Bir gün hava bürkü olduğundan Neftçilər metrosundan çıxıb "Komfort" şadlıq eviylə üzbəüz ağaclığa çəkildim. Bu kölgəliyi səmti "Dakar Meydanı"na baxan çayxana zəbt etmişdi. Yolun kənarında da üzü dayanacağa qədər taksilər bir-birinin ardınca düzülürdü.

Nəfəsimi yenicə dərmişdim. Qırmızı şalvar, sarı köynəkli biri armudu stəkanındakı limonu ağac dibinə tökdü, sonra yol kənarında dayanan taksi sürücüsünə səsləndi: 

– Kardeş, anıtı anlatsana?

Taksi sürücüsü həmin adamın əl-qol hərəkətlərindən yola çıxıb, cavab verdi ki, bu, Neftçilər kruqudur. Onu da maşınlar üçün qoyublar...

Həm yanlış məlumata görə, həm də sualı verən adamın "...anıtı anlat" qafiyəsinə cavab olaraq:

– Kardeş, gelen bakar, giden bakar. Şu, Dakar – dedim. 

Sonra da üzümü taksi sürücüsünə tərəf tutub, bildirdim:

– Bu abidə iki şəhərin dostluq, qardaşlıq münasibətlərinin şərəfinə qoyulub. 

Nədənsə fikirlərim sualçıya da, cavabçıya da, kənarda duran çayçıya da xoş gəlmədi. Bunu onların üzlərinə baxanda bütün qırışlarına qədər sezmək olurdu. 

Oradan ayrılıb üz tutdum gedəcəyim ünvana sarı. Yol boyu elə hey düşündüm; yoxsa, qəbahət bir iş tutmuşam? Əslində, günah elə özümdədir. Çünki ən azı abidənin üzərindəki simvollardan belə nəticə çıxarmayan sürücüyə və yediyini, içdiyini ağac dibinə tolazlayan birinə baş qoşmağın özü qəbahət deyil, bəs nədir?

Bu hadisənin üstündən ay dolandı, il ötdü. Həmin ərazi də öz görkəmini müasir standartlara uyğun dəyişdi. İllərcə yolu maşınla o abidənin yanından keçən, həmin ərazidə yaşayan, qonaq gələn çoxsaylı insanların düşüncəsində isə "Dakar meydanı" "Neftçilər dairəsi" olaraq dəyişməz qaldı.

Əsgər İsmayılov

Xəbər lenti