Yüyəninə əl çatmayan dünyamızın özü boyda sirrləri, sehirləri, görünən və görünməyən nə qədər tərəfləri, dərdləri var. Zaman-zaman yazılsa, danışılsa da, bu mübhəm sirr quyusuna əl uzadanların, yazıb yaradanların ümid-arzuları nəinki bitib tükənmir, əksinə, hər ürəkdə yeni bir nəfəs alaraq canlanır, şeirə, nəğməyə çevrilir.
Bitib tükənməyən arzuların yer aldığı daha bir kitab qarşımdadır- “Dünyanı düşünürəm”. Tanınmış ədəbiyyatşünas alim-pedaqoq-şair, filologiya elmləri doktoru, professor İslam Qəriblinin yenicə çapdan çıxmış kitabı belə adlanır. Kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Qeyd edim ki, İslam müəllimin nəşr olunmuş kitablarının sayı 20-dən artıqdır. Onların əksəriyyəti ədəbiyyatşünas alimin elmi-pedaqoji fəaliyyəti, elmi yaradıcılığı ilə bağlıdır. Xatırladım ki, İslam Qəribli ölkəmizdə hadişünas alim kimi tanınır, namizədlik və doktorluq dissertasiyasını məhz bu böyük şəxsiyyətə həsr edib, M.Hadi həyatının qaranlıq məqamlarını, həyat və yaradıcılığını ərtaflı araşdıraraq ədəbiyyatşünaslıq elminə dəyərli töhvə verib. “Dünyanı düşünürəm” İslam müəllimi həm də hiss, düşüncə, duyğu, qəlb adamı kimi tanımağa kömək edir. İlk səhifəsindən sonacan lirik, səmimi ruhun hakim olduğu kitab poeziyasevərlərə İslam Qəriblini-Lerikin ucqar dağ kəndindən çıxıb paytaxtda ali təhsil alan, elm yolunu tutub bir çox uğurlara imza atan, amma ruhən heç dəyişilməyən, dəyişilə bilməyən “kəndçi oğlan”ı olduğu kimi tanımağa kömək edir:
Elə zənn etmə ki, hissiz, lal daşam,
Mən dərdə ortağam, qəmə qardaşam,
Sirrim öz içimdə, sirrə sirdaşam,
Tanı bu nişanla, tanışan məni...
“Mən kiməm?” şeirində
Zərrə-zərrə, qıyma-qıyma doğrayıb məni,
Bu dünyanın dörd səmtinə səpələyiblər,
Xırman-xırman döyülmüşəm, mənimtək dəni,
Əsrlərin xəlbirində çox ələyiblər...
deyən müəllifin etirafından aydın olur ki, həyat onu çox sınaqlara çəkib, çox ələkdən keçirib, amma əyə bilməyib!
Qismətinə qoy yazılsın “döyülmək”,
Kişiliyin rəmzi deyil əyilmək,
Bir nadanın hikkəsinə baş əymək,
Cəhalətdi, cəhalətdi, cəhalət.
“Əməl dəndir,at torpağa çürüməz, üzə çıxar sınağından illərin” deyən alim-şair İslam Qəribli həm də kövrək qəlblə sevən nakam aşıqdir...
Mən səni o qədər səsləmişəm ki,
Dalğalar öyrəşib bu səsə indi.
Bu eşqi qəlbimdə gizli saxladım,
Sirri açammıram heç kəsə indi...
İslam Qəriblinin yeni kitabını şairin 70 illiyi ərəfəsində özünə hesabatı da adlandırmaq olar. Əsas odur ki:
Xislətin nədirsə, şeirin də odur,
Xiffətlər, əzablar yormasın səni.
Tanrıya sığınan tanrı bəndəsi-
Arzum-Tanrı özü qorusun səni!
Esmira İsmayılova