Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarını fərqlənmə diplomu ilə bitirən Süleyman Bağırov müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində riyaziyyat fənni üzrə ölkə birincisi olub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.
Bildirilib ki, S.Bağırov tələbəlik illərində də bir çox nailiyyətlər qazanıb. O, 2018-2019-cu illərdə “SABAH” qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş bilik yarışlarında riyaziyyat və informasiya texnologiyaları üzrə I yerlərə layiq görülüb.
2020-ci ildə Təhsildə Araşdırma və İnkişaf Mərkəzi tərəfindən 30 yaşa qədər riyaziyyat müəllimləri arasında keçirilən respublika olimpiadasında S.Bağırov II yeri tutub.
O, iki il ardıcıl olaraq MİQ imtahanlarında uğur qazanıb. S.Bağırov 2022-ci ildə MİQ imtahanında riyaziyyat fənni üzrə 87.5 bal toplayıb. Bu il isə 88.75 bal toplayaraq ölkə birincisi olub. O, hazırda BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının doktorantıdır.