SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) şirkətin maliyyə dəstəyi, Ali Məktəb və “Baku School of Management” MMC-nin təşkilatçılığı ilə keçirilən Layihələrin idarə edilməsi təliminin iştirakçılarına sertifikatlar təqdim edilib.
Tehsil.biz xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə BANM-in rektoru Elmar Qasımov iştirakçıları təbrik edərək uğurlar arzulayıb. O, SOCAR rəhbərliyinin bu cür təlimlərə diqqət ayırdığını vurğulayıb və əmin olduğunu bildirib ki, iştirakçılar layihələrin idarə edilməsi sahəsində əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edəcəklər.
SOCAR-ın İnsan resursları departamentinin rəis müavini Elnur Hüseynov təlimin əhəmiyyətinə toxunaraq 5 həftəlik təlim müddətində qazanılan biliklərin faydalı olduğunu, şirkətə əlavə dəyər qazandıracağını qeyd edib.
Təlimçi Emil Məmmədov iştirakçıları təbrik edərək SOCAR-ın 30 nəfər əməkdaşının qatıldığı bu təlimin yüksək səviyyədə təşkil olunduğunu, interaktiv formada keçirildiyini bildirib.
Təlim Layihə İdarəetmə İnstitutunun (PMI) təqdim etdiyi beynəlxalq Peşəkar Layihə İdarəetməsi (PMP) sertifikatını əldə etmək istəyən layihə menecerlərinə və layihələrin idarə edilməsi üzrə mütəxəssislərə tələb olunan bilikləri qazandırmaq məqsədi daşıyır.



