Dövlət Gömrük Komitəsi (DGK) Avropa İttifaqının (Aİ) Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) təşkilatçılığı ilə Macarıstan Respublikasının Budapeşt şəhərində “Qaranlıq şəbəkənin təhqiqatları, elektron sübutlar və kriptovalyutalar” mövzusunda keçirilən beynəlxalq təlimdə təmsil olunub.
Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.
Tədbirdə Azərbaycan gömrük xidməti orqanlarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi Kommunikasiya və Şəbəkələrin İdarəolunması şöbəsinin böyük inspektoru Əli Abdullayev və Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova təmsil ediblər.
Təlimdə Dövlət Gömrük Komitəsinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə yanaşı digər ölkələrin (Gürcüstan, Ukrayna, Moldova, Ermənistan) hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər.
CEPOL-un Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı (TOPCOP) layihəsi çərçivəsində keçirilən 5 günlük təlimin əsas məqsədi hüquq-mühafizə orqanları əməkdaşlarının yeni istintaq üsullarını kibertədqiqatlara inteqrasiya etmək imkanlarının gücləndirilməsindən ibarət olub.
Təlimçilər tərəfindən iştirakçılara Açıq Mənbə Kəşfiyyatının əsas prinsipləri, geniş yayılmış fişinq üsulları və onlara uyğun araşdırma təcrübələri, “Ransomware” hücumlarını araşdırmaq və analiz etmək üçün istifadə edilən müxtəlif texnikalar və kriptovalyuta əməliyyatlarını izləmək üçün istifadə olunan üsullar barəsində ətraflı məlumat verilib, eləcə də kibercinayətkarlığın təsirini azalda biləcək mümkün qabaqlayıcı tədbirlərin müəyyənləşdilməsi mövzusunda həllər müzakirə edilib.
Təlimdə həmçinin iştirakçılar kibercinayətkarlığa qarşı mübarizədə görülən işlər və təlim prioritetləri mövzusunda çıxış ediblər.
Nəzəri və praktiki hissədən ibarət olan təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Gömrük Akademiyası TOPCOP layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur. Ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, DGKA 2021-ci ilin aprel ayında TOPCOP layihəsinə tərəfdaş qurum olaraq qoşulmuşdur. DGKA-CEPOL əməkdaşlığı nəticəsində Azərbaycanın müvafiq gömrük xidməti orqanlarının əməkdaşları 2024-cü ilədək layihə çərçivəsində həyata keçiriləcək müxtəlif kurslar, modullar, seminarlar, təlimlər və vebinarlarda iştirak hüququ qazanmışdır.


