Noyabrın 16-17-si tarixlərində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə İqtisadiyyat İnstitutundan məlumat verilib.
Konfransda Zəngəzur dəhlizinin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, dəhlizin texniki-iqtisadi və maliyyə təminatı məsələləri, onun dənizdaşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaq.
Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, orta dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası daşımaçılıq üzrə ekspertlər konfransda iştiraka dəvət edilirlər.
Konfrans Zəngilan və Bakıda olmaqla 2 gün ərzində əyani formada keçiriləcək. Məruzə və müzakirələrin internet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.
Konfrans Azərbaycan, türk, ingilis və rus dillərində keçiriləcək.
İştirak üçün müraciətlər, məqalələr və məruzə tezisləri bu il oktyabrın 15-dək [email protected] elektron ünvana göndərilməlidir.
Konfransın materialları kitab şəklində nəşr olunacaq. Təqdim olunan əsərlərin tərtibi qaydaları İqtisadiyyat İnstitutunun saytında yerləşdirilib.
Əlavə məlumat üçün Təşkilat Komitəsinin əlaqələndiricisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent Azər Səfərovla (+994 50 747 26 49) əlaqə saxlaya bilərsiniz.