"Sənətin varsa, sənədin olacaq” layihəsinin növbəti tədbiri dərzi peşə ixtisası üzrə olub.
Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Agentliyin təşkilatçılığı ilə tədbirdə dərzi peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərə təhsil sənədləri təqdim edilib.
Tədbirdə çıxış edən agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ötən dövr ərzində görülmüş işlər barədə, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
“Modepoint” qrupun təmsilçisi Katerina Eren, “Muliebre beauty bar and Muliebre atelier”in direktoru Nigar Kəlbiyeva və “Parcha” brendinin təsisçisi və dizayneri Aysel Sadiqova qonaq qismində iştirak edərək ərizəçilərə uğurlar arzu ediblər. Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə sertifikatlar təqdim olunub.