Peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün müsabiqənin elektron müraciət mərhələsi başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, respublika üzrə 19 direktor vakant vəzifəsi üzrə 311 müraciət, 27 direktor müavini vakant vəzifəsi üzrə isə 473 müraciət daxil olub. Direktor vakant vəzifəsi üzrə müraciətçilərdən 271 nəfəri, direktor müavini vakant vəzifəsi üzrə müraciət edənlərdən isə 386 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb.
Test imtahanı mərhələsinə buraxılma ilə bağlı məlumat namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da qanunvericilik və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. İmtahanın vaxtı və keçirilmə yeri ilə əlaqəli məlumatlar SMS vasitəsilə namizədlərə göndəriləcək.
Qeyd edək ki, direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.