İyulun 21-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyi qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlarının kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərinin idarəolunması ilə bağlı bilik, bacarıqlarının təkmilləşdirilməsinə, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır.
Təlimdə nazirlik və qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.
Açılış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli nazirliyin əsas kommunikasiya hədəfləri və vahid kommunikasiya mexanizminin formalaşdırılmasından bəhs edib. Bununla yanaşı, böhran vəziyyətlərində qurumdaxili və xarici auditoriya ilə düzgün ünsiyyətin qurulmasına diqqət çəkib.
Daha sonra nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Medianın təhsil üzü" mövzusunda çıxış edib.
Təlimin davamında "Safavy.org" şirkətinin həmtəsisçisi və direktoru, təlimçi Könül Quliyeva "Təsirli hekayə necə yaradılır?", mobiloqraf Nərgiz Məmmədli "Vizual məzmun necə yaradılır?" və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Azər Nəzərov "Böhran kommunikasiyası" mövzularında çıxış edərək öz təcrübələrini bölüşüblər.
Təlimçilər sosial media kanallarının işləmə prinsipləri və uyğun hekayə tiplərinin yaradılması, əsas effektivlik göstəriciləri, vizual cəhətdən cəlbedici, təsirli məzmunun tərtibi, böhranla bağlı effektiv ünsiyyət strategiyaları, uğurlu böhran kommunikasiyasının təhlili kimi istiqamətlərdən danışıblar.
Təlim çərçivəsində müxtəlif intellektual oyunlar da təşkil edilib.
Daha sonra iştirakçılar arasında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.