Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür.
Bəli, bu gün bizim bayramımızdır. Ancaq təəssüf ki, hər il olduğu kimi, bu bayram da hələ gəlməmişdən cəmiyyətimizdə "Mətbuat günü" ətrafındakı söz-söhbətlər səs salmağa başladı. Təəccüblüdür ki, bizim cəmiyyətdə təkcə iki peşə bayramı ilə bağlı belə söz-söhbətlər, atmacalar, neqativ danışıqlar olur: biri "Müəllimlər Günü", digəri isə "Mətbuat Günü".
Şübhəsiz ki, hər iki peşə bayramı və peşənin daşıyıcılarını aşağılamağa çalışan kütlənin nə müəllimin, nə də jurnalistin kimliyindən xəbəri var.
Bütün peşə sahiblərini, hətta müəllimin özünü də öyrədən müəllimdir. Bizə təkcə hərfləri, elmləri deyil, dünyanı, insanları, özümüzü belə öyrədən insan haqqında necə mənfi fikirdə olmaq, aşağılamaq, ildə bircə dəfə keçirilən bayramını ona çox görmək olar?!
Jurnalist isə cəmiyyətin xəbər verən dili, düşünən beyni, hadisələrə yön verən, ictimai fikri formalaşdıran qüvvəsidir. İlin on iki ayı hər xırda problemdə belə jurnalistin qapısını döyən, məsələsini ictimailəşdirmək üçün mətbuatdan dəstək istəyən, məhz jurnalistin qələmi sayəsində cəmiyyəti narahat edən bir sıra problemlərin həllinə nail olan insanlar iyul ayı gələn kimi başlayırlar 22 iyul tarixinə "hazırlaşmağa". Dövlət niyə jurnalistə hörmət etməlidir, niyə jurnalistə qayğı göstərilməlidir, niyə jurnalist öz sahəsinə aid olmasa belə, onların xoşuna gəlməyən məsələlərə etiraz etmir, hələ bir az da irəli getsələr, deyəcəklər ümumiyyətlə, jurnalist niyə var?
Gəlin, baxaq görək, Azərbaycan mətbuatı, jurnalisti niyə var və nə işlər görür? Zərdabi yadigarı mətbuatımızın bu günü necədir, gələcəyi nələr vəd edir?
Öncə onu qeyd edək ki, ölkə mətbuatının inkişaf xətti və fəaliyyəti birbaşa həmin ölkənin tarixi, ictimai durumu, inkişafı ilə bağlıdır. Azərbaycan kimi başı qovğalı, müharibələrin, hüznlərin meydanı olmuş məmləkətin jurnalistikası da bu qovğalardan, bu keşməkeşlərdən kənarda ola bilməzdi, əlbət.
Ölkəmiz son 30 ildə iki böyük Qarabağ müharibəsi, işğal, köçkünlük və nəhayət, qələbə yaşamış bir dövlətdir. Təbii ki, bu şəraitdə mediamız da bu müharibələrdən kənarda qalmadı. Azərbaycan jurnalisti bir əlində qələm, bir əlində silah, heç nədən qorxmadan, çəkinmədən atıldı meydana. Həm döyüşdü, vətəninin müdafiəsinə qalxdı, həm də yazdı, çəkdi, Azərbaycan həqiqətlərini bütün dünyaya və gələcək nəsillərə çatdırmaq üçün çarpışdı. Elə buna görədir ki, Azərbaycan mətbuatı həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsində şəhidlər verdi. Bəli, bu gün həm də həmin şəhid jurnalistlərimizin günüdür.
Birinci Qarabağ müharibəsində şəhid olan jurnalistlərimiz arasında Milli Qəhrəman statusunu daşıyanlar da var. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Kazımağa Kərimov, Osman Mirzəyev, Arif Hüseynzadə kimi peşəkar jurnalistlərimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan insanının naləsinə qulaqlarını bağlamış dünyanın gözlərini açmaq üçün müharibənin ən qaynaq nöqtələrində, ən təhlükəli əməliyyatlarda iştirak edib, şəhidlik zirvəsinə ucalıblar.
Təbii ki, müharibədə iştirak etmiş jurnalistlərimizin sayı bununla məhdudlaşmır. Onların arasında talenin rəhmindən şəhid olmayıb, yaralanan, müharibədən sağ qurtulmağı bacaran mətbuat nümayəndələrimiz də var ki, bu gün biz Qarabağ həqiqətlərini, erməni vandallığını, xalqımızın başına gətirilmiş müsibətləri məhz onların cəsarətlə, qorxmazlıqla lentə aldığı görüntülər vasitəsilə öyrənirik, öyrədirik.
Təəssüf ki, ölkəmiz kimi mətbuatımız da şəhid verməyə davam etdi. 30 ilə yaxın müddətdən sonra başlayan və böyük zəfərlə bitən Vətən müharibəmizdə də qəhrəman jurnalistlərimiz ön və arxa cəbhədə yorulmadan, usanmadan həm döyüşməyə, həm də işləməyə davam etdilər.
Həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsində iştirak etmiş jurnalist İlham Tumas, Vətən müharibəsi iştirakçıları olan jurnalistlər "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyev, İTV-nin əməkdaşı Şöhrət Eyvazov, "Ədalət" qəzetinin əməkdaşı Emin Piri, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov, "Bakı xəbər" qəzetinin əməkdaşı Nahid Salayev, İTV telekanalının əməkdaşı Xanlar Mehdiyev, ATV telekanalının əməkdaşı Rza Bəbirov, "Cumhuriyyet.az" saytının baş redaktoru Nəsimi Şərəfxanlı, "İki sahil" qəzetinin əməkdaşı Anar Miriyev, "Qarabağ" futbol klubunun mətbuat xidmətinin əməkdaşı Mehman Əşrəfov, CBC Sport-un müxbiri Süleyman Vəliyev və başqaları jurnalistdən öncə cəsarətli, vətənini sevən və hər daim onun müdafiəsinə hazır olan vətəndaş olduqlarını bir daha sübut etdilər. Onlar ön cəbhədə döyüşərkən arxa cəbhədə onların həmkarları, qələm dostları durmadan müharibənin gedişatı ilə bağlı ictimaiyyəti məlumatlandırdılar, Azərbaycan həqiqətlərinin doğru-düzgün şəkildə çatdırılması üçün yorulmadan çalışdılar.
Vətən müharibəsi bitsə də, jurnalistlərimizin vəzifəsi bitmədi. Bu dəfə isə onlar işğaldan azad olunmuş torpaqlarımızda çəkilişlər apararaq, reportajlar hazırlayaraq 30 il orada vandallıqla məşğul olmuş, hər tərəfi minalamaqla insanlıqdan kənar xislətlərini bir daha sübut etmiş düşmənin iç üzünü göstərmək vəzifəsini öz üzərlərinə götürdülər. Bu da mətbuatımıza asan başa gəlmədi. Məhz belə çəkilişlərin birində - 2021-ci il iyunun 4-də AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid oldular.
Bəli, Azərbaycan mətbuatı budur - hər daim qurban verməyə, itirməyə hazır olan, amma bütün bunlara baxmayaraq, yenə də şərəflə çalışmaqdan, xalqa xidmət etməkdən qalmayan və nə yazıq ki, çox zaman da haqqı tapdanan...
Mətbuatımızın itirdikləri bununla kifayətlənmir. Jurnalist demək hər işin ağrısını-acısını öz üzərinə götürüb, hamının problemini ürəyinə yükləmək, bəzən özünü, bəzən ailəni, bəzən də sağlamlığını unutmaq deməkdir. Yorğunluq, gərginlik, ağır iş rejimi, bitməyən çətinliklər və bütün bunlarla bərabər, tükənməyən qınaq, danlaq... Buna görədir ki, son illərdə mətbuatımızın cavan canları hərəsi bir xəstəlikdən, amma hamısı ortaq dərddən dünyasını dəyişir. Heç 50 yaşına çatmadan balalarını gözüyaşlı qoyub gedən neçə həmkarımız oldu bu illərdə? Onlardan biri də mən elə bu sətirləri yazarkən dünyaya gözlərini əbədi yuman peşəkar jurnalistimiz Natəvan Babayeva oldu.
Bax, Azərbaycan mətbuatı budur - yanan da odur, yaman da...
Milli Mətbuat Günümüzdə başda şəhid jurnalistlərimiz olmaqla, bütün mərhum həmkarlarımızı sayğı və sevgi ilə yad edirik!
Bayramımız mübarək!
Şəhanə Müşfiq