Logo

Mübariz Qurbanlı Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti ilə görüşüb

24.07.2023 13:30 238 baxış
IMG

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

Komitə sədri ölkəmizdə dini sahədə həyata keçirilən uğurlu siyasət barədə məlumat verərək, demokratik inkişaf yolunu seçmiş, multikultural mühiti və tolerantlığı ilə tanınan Azərbaycan üçün dini etiqad azadlığının ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər sənədlər Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının hüquqi əsasları kimi çıxış edirlər.

Azərbaycanda dövlət-din münasibətlərinin uğurundan danışan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə dini məsələlərlə bağlı düzgün siyasət aparılır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüququn normalarına uyğun olaraq tənzimlənib, eləcə də icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətlərinin modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Söhbət zamanı M.Qurbanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələrin dövlət tərəfindən bərpa edilməsi istiqamətində görülən işlərdən danışıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinin əhəmiyyətli rolundan danışıb, ölkəmizdə tolerant dəyərlərin qorunması və təşviqi istiqamətində həyata keçirilən siyasəti təqdir etdiyini qeyd edib.

Həmçinin görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, qonağa Dövlət Komitəsinin alman dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyekin səfəri Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti