Logo

"Şuşada Qlobal Media Forumunun keçirilməsi əlamətdar hadisədir" - RƏY

25.07.2023 11:28 285 baxış
IMG

"Artıq Şuşada nəinki quruculuq işləri gedir, həmçinin, ölkəmizin mədəniyyət paytaxtı böyük tədbirlərə, forumlara ev sahibliyi edir. Bu isə Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin və ən əsası Ali Baş Komandanımızın qətiyyətli iradəsinin nəticəsidir".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlıq bağları hər il daha da genişlənir:

"İki ölkə arasında olan isti münasibət, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri artıq dünyaya səs salıb. II Qarabağ müharibəsində də elə bizə ən böyük dəstək məhz qardaş Türkiyədən gəldi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Ərdoğanın “Azərbaycan yalnız deyil!” bəyanatı düşmənlərimizə və onlarla eyni mövqedə dayanan dünya ölkələrinə bir ciddi mesaj idi. Türkiyə və Azərbaycanın artan münasibətlərinin davamı olaraq müharibədən sonra Şuşa şəhərində iki ölkə arasında bəyannamə imzalandı. Şuşa Bəyannaməsi genişlənən əlaqələr üçün gələcəyə qoyulan bir mirasdır. Bu gün Türkiyə və Azərbaycanın beynəlxalq nüfuzunun artması regional cəhətdən çox önəmli hadisədir".

Deputat qeyd edib ki, bir çox dünya ölkələrinin ordusu müharibədən sonra öz qüdrətini itirir, lakin Azərbaycan Ordusu ağır müharibədən çıxmasına baxmayaraq öz əzəmətini daha da artırmağı bacardı:

"II Qarabağ müharibəsindən sonra ordu quruculuğunda ikinci mühüm mərhələ başladı, müdafiə sənayesində, ordu quruculuğunda yüksək hədəflərə nail olduq. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Azərbaycan bütün region ölkələri ilə isti münasibət qurmağa çalışır. Elə bunun nəticəsi olaraq 2022-ci ilin fevral ayında Rusiya ilə Azərbaycan arasında imzalanan Bəyannaməni misal göstərmək olar. Bu Bəyannamədən sonra iki ölkə arasında əlaqələr daha da genişlənib, bəzi sahələrdə əməkdaşlıqlar artıb. Bu gün Azərbaycan güclü, azad və müstəqil bir mediaya sahibdir. II Qarabağ müharibəsində nəinki ön cəbhədə, hətta arxa cəbhədə də, informasiya müharibəsində də biz zəfər qazandıq. Bizi məhz bu gün güclü edən mediamızın müstəqil və inkişafyönümlü olmasıdır".

Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində məsuliyyət birbaşa Ermənistanın üzərindədir:

"Əgər onlar şərtləri qəbul edərlərsə, təxribatlar törətməzlərsə iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyacaq. Hazırda sülh istiqamətində Aİ, Rusiya və ABŞ da öz mövqelərini göstərir, prosesə dəstək olurlar. Onlar da sabitliyin, sülhün bərqərar olması üçün çalışırlar. Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük quruculuq işləri gedir. Artıq həmvətənlərimizin bir qismi öz dədə-baba torpaqlarına qovuşublar. Bu olduqca qürurlu və tarixi hadisədir. Bu zəfəri bizə yaşatdıqları üçün ordumuzla, qəhrəmanlarımızla və ölkə rəhbərliyi ilə qürur duyuruq. II Qarabağ zəfəri yüksək əzmin, iradənin və qətiyyətli mövqeyimizin nəticəsidir. Artıq hər keçən gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan öz potensialını daha da artırır. Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratması sülh yolunda müsbət addımlardan biridir. Artıq bu nəzarət-buraxılış məntəqəsindən keçən ermənilər Azərbaycanın necə təhlükəsiz, qayğıkeş və ədalətli olduğununun şahidi olurlar. Qarabağ və Şərqi Zəngəzurda artıq böyük layihələr reallaşır, xarici investorlar cəlb olunur. Biz sıfırdan şəhərlər tikirik, nəqliyyat sistemi qururuq, işğaldan azad edilmiş torpaqlarımızı yenidən canlandırırıq".

Millət vəkili həmvətənlərimizin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıb:

"Azərbaycanın qısa zaman ərzində hava limanları istifadəyə verməsi, çoxsaylı avtomobil yolları, dəmiryol xətti çəkməsi, yeni yaşayış məntəqələri yaratması prosesin necə sürətli getdiyinə nümunədir. Quruculuq işinin ən gözəl nümunələrindən biri isə Şuşa şəhərinin bərpasıdır. Azərbaycanın tarixi şəhəri, mədəniyyət paytaxtı olan Şuşada son 3 il ərzində dayanmadan inkişaf gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı Şuşa başda olmaqla bütün işğaldan azad edilmiş torpaqlarımızda yüksək inkişafa və uğurlara nail olacağımıza inanırıq".

Mərcanə Əsədova

Xəbər lenti