Logo

ADU-nun Konfutsi İnstitutunun tələbələri üçün Çində yay düşərgəsi keçirilir - FOTO

25.07.2023 12:27 185 baxış
IMG

Çinin Zhejiang əyalətinin Huçjou şəhərində Çin Təhsil Nazirliyinin Çin-Xarici Dil Mübadilələri və Əməkdaşlıq Mərkəzi və Huçjou Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun gənclər üçün yay təhsili və mədəniyyət düşərgəsi fəaliyyət göstərir.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, bu il Azərbaycan-Çin dil və mədəniyyət düşərgəsinin dərsləri və tədbirləri “Huçjouda gözəl Çini gör” devizi altında keçirilir. Universitetin Konfutsi İnstitutunun rəsmi tərəfdaşı olan Huçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dili üzrə biliklərini təkmilləşdirir, Çinin tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olurlar.

Çin dili dərsləri zamanı düşərgə iştirakçıları Çin heroqliflərinin mənşəyini öyrənir, Çin çay sənəti və Çin rəssamlığının tarixi və ənənələri haqqında praktiki şifahi dialoqlarda və monoloqlarda iştirak edirlər. Yay düşərgəsinin tələbələri, həmçinin çay mərasimi, keramika sənəti, bambuk toxuması, ənənəvi şir və əjdaha rəqsi, ənənəvi Çin baozi və duzlu xəmirdən heykəltaraşlıq üzrə ustad dərslərində iştirak ediblər.

Düşərgə iştirakçıları məşhur mədəni və tarixi qədim Nanxun kəndini, 2000 illik xüsusi xəttatlıq fırçaları istehsalı ilə məşhur olan Şanqlyan şəhərini, Longjing çay kəndini, Huçjou şəhərinin ekoloji müəssisələrinə baş çəkib, həmçinin Pekindəki Yasaq şəhər, Beyhay parkını, Tyananmen meydanını və məşhur Böyük Divarı, Şanxaydakı məşhur Vaitan bəndi və “Şərqin mirvarisi” adlanan televiziya qülləsini ziyarət ediblər.

Konfutsi İnstitutunun Azərbaycan-Çin yay düşərgəsinin işi Çin Kəmər və Yol Təşəbbüsünün onuncu ildönümünə təsadüf edib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlığın son illərdə yeni təkan aldığını qeyd edib. Bu, ilk növbədə, Çinin Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılmasına, habelə İpək Yolu boyunca yerləşən ölkələr arasında humanitar mübadilənin, siyasi ünsiyyətin və mədəniyyətlərarası dialoqun təmin edilməsinə yönəlmiş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı ilə bağlıdır. Düşərgənin şagirdləri, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirib, Böyük İpək Yolu üzərində yerləşən müasir, inkişaf edən, tolerant ölkə kimi Azərbaycan haqqında həqiqətləri çinli gənclərə çatdırıblar.

Tədbir çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Azərbaycan və Çin dillərində nəşr etdirdiyi “Heydər Əliyev-100. Çinə səfərin tarixi” kitabının da təqdimatı olub. Kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib və onun Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edir.

Xəbər lenti