“Bir neçə gün əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikasiyası ilə bağlı qərar qəbul olunub".
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, ümumtəhsil müəssisələrində artıq bu prosesə başlanılıb:
"Məktəbəqədər təhsil müəssisələrində də bizə çox keyfiyyətli pedaqoji heyət lazımdır. Bilik-bacarıq daima yenilənməlidir, bu isə sertifikasiyasını daha da zəruriləşdirilib".
Sektor müdiri həmçinin qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikasiyası üçün qayda və mexanizmlə bağlı işlərə başlanılıb:
"2026-cı ilə qədər 17 minə yaxın məktəbəqədər təhsil müəssisəsinin təhsilverənin sertifikatlaşdırılması nəzərdə tutulub. Bağça müəllimləri artıq buna indidən hazırlaşmağa başlamalıdır. Sertifikasiya imtahanlarında mövcud olan ədəbiyyatlara, nəzəriyyələrə söykənən suallar olacaq”.