Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Nigar Novruzzadənin təsisçisi olduğu innovativ incəsənət platforması “N’us Gallery” startapının təqdimat mərasimi keçirilib.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, “Innoland” inkubasiya və akselerasiya mərkəzində keçirilən təqdimat tədbirində Nigar Novruzzadə “N’us Gallery” haqqında geniş məlumat verib. O qeyd edib ki, startap ölkə bazarında alternativi olmayan innovativ incəsənət platformasıdır. Platformada rəssamları, dizaynerləri eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamaq, onlar üçün kommersiya məsələlərini daha da asanlaşdırmaq əsas hədəflərdir.
Təsisçi əlavə edib ki, “N’us Gallery” dünya kreativ biznes şəbəkəsində ölkəmizi təmsil etməyi də qarşısına məqsəd qoyub.
AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxışında bu universitetin tələbəsinin belə bir uğura imza atmasını qürurverici hal olduğunu bildirib. Qeyd edib ki, AzMİU-da startap ekosisteminin formalaşdırılması, tələbələrin ideyalarının aşkara çıxarılması, onlardan uğurlarının inkubasiyaya cəlb edilməsi və innovativ mühitin yaradılması üçün davamlı işlər görülür. Prosesin inkişaf etdirilməsi məqsədilə AzMİU-da İnnovativ Biznes İnkubator Mərkəzi yaradılıb, bir neçə startap yarışı keçirilib, tələbələr və mentorlar təlimlərə cəlb edilib, ölkəmizdə, eləcə də beynəlxalq arenada təşkil olunan startap yarışlarında universitetin təmsil olunması təmin edilib.
Digər çıxış edən qonaqlar “N’us Gallery” ilə bağlı fikirlərini bildiriblər, Nigar Novruzzadə və onun komanda üzvlərinə uğurlar arzulayıblar.
Daha sonra panel müzakirələri təşkil olunub.
Ləman Yusifli, Elçin Hüseyn, Ellada İsmayıl və Azər Məmmədli panel müzakirələrində özlərinin uğur hekayələrini danışıblar və uğur qazanmağın yolları haqqında fikir mübadiləsi aparıblar.

