Logo

"Orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası” mövzusunda təlim keçirilib

27.07.2023 20:09 294 baxış
IMG

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin keyfiyyət təminatı və təhsil şöbələrinin əməkdaşları üçün təşkil olunmuş təlim beynəlxalq ekspert Akim Hopbax tərəfindən keçirilib. Təlimdə orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası, meyar və prosedurlar, özünütəhlil hesabatının hazırlanması haqqında məlumat verilib və sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. “Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.

Xəbər lenti