Elm və Təhsil Nazirliyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “StudentFest2023” tələbə düşərgəsinin rəsmi açılış mərasimi baş tutub.
Təhsilin İnkişafı Fondundan "Tehsil.biz"ə bildirilib ki, düşərgənin açılış mərasimində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova iştirak ediblər.
Qonaqlar sertifikasiya prosesində, müəllimlərin işə qəbulu müsabiqəsində, həmçinin digər tədbirlərdə göstərdikləri dəstək üçün könüllülərə xüsusi təşəkkürlərini bildiriblər. Tələbələrin şəxsi inkişafı və uğurlu sosial münasibətlərinin qurulmasında belə düşərgələrin böyük əhəmiyyəti olmasından bəhs edilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti və icra etdiyi layihələr barədə tələbələri məlumatlandırıb, gənclər üçün maraq doğura biləcək fəaliyyət istiqamətlərinə diqqət çəkib. Tələbələr universitetlərə işəgötürənlərin və sənaye nümayəndələrinin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, tələbələr üçün təcrübə və iş proqramlarının həyata keçirilməsi, dil təcrübə imkanları, oxu klublarının yaradılması və digər istəklərini bildiriblər.
Günün ikinci yarısında düşərgə iştirakçıları voleybol, futbol və basketbol kimi müxtəlif idman növləri üzrə yarış keçiriblər. Düşərgənin ilk gününün sonunda isə iştirakçılar üçün əyləncəli musiqili proqram təşkil olunub.
