Bu il görkəmli Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri Cabbar Əsədulla oğlu Xəlilovun anadan olmasının 95 illiyi tamam olur. Alimin həyat və yaradıcılığı haqqında bu vaxta qədər Azərbaycanda və xaricdə mötəbər elmi jurnallarda, mətbuat orqanlarında tanınmış ölkə və əcnəbi arxeoloqların, habelə jurnalist və ziyalıların sanballı məqalələri nəşr edilmişdir. Lakin illər ötdükcə bir sıra yeni faktların üzə çıxarılması bu mövzunun hələ tükənmədiyini təsdiq edir.
C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayın (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olub. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirib. Onun ilk əmək fəaliyyətinə başladığı yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu çətin dövrü arxada qoyduqdan sonra, o, Quba Pedaqoji məktəbini 1947-ci ildə bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olmuşdur. 1952-ci ildə arxeologiya ixtisası üzrə ali təhsilini başa vuran C.Ə.Xəlilov Qafqaz arxeologiyası ixtisası üzrə aspiranturaya (hazırkı doktorantura) daxil olmuş, ilk 3 azərbaycanlı tələbə sırasında Moskva şəhərinə - SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutuna (indiki Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutu) ezam edilmişdir. 1955-ci ildə “Lenin mükafatı” laureatı Y.İ.Krupnovun elmi rəhbərliyi altında həmin institutda “Qərbi Azərbaycanın son Tunc və erkən Dəmir dövrü arxeoloji abidələri” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Müvəffəqiyyətlə keçən müdafiədə SSRİ Dövlət mükafatı laureatı, akademik B.B.Piotrovski və o zaman gənc arxeoloq, Rusiya EA Arxeologiya İnstitutunun müxbir üzvü R.M.Munçayev rəsmi opponentlər kimi çıxış etmişlər.
C.Ə.Xəlilov hələ universitetdə təhsil aldığı dövrdə, 1950-ci ildə müəllimi, məşhur arxeoloq S.M.Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında ilk arxeoloji çöl-tədqiqat işlərinə cəlb olunmuşdur. Öz tələbəsində yüksək təşkilatçılıq bacarığını görən S.M.Qazıyev 1952-ci ildə onu universitetdə təhsil alması ilə yanaşı, direktoru olduğu Azərbaycan Tarixi Muzeyində Arxeoloji texnologiya laboratoriyasına müdir vəzifəsinə təyin etmişdir.
C.Xəlilov aspiranturada təhsil aldığı illərdə də SSRİ-nin müxtəlif regionlarında arxeoloji ekspedisiyalarda, o cümlədən həmin dövrdə geniş tədqiqatları ilə seçilən Kuybışev və Y.İ.Krupnovun rəhbərlik etdiyi Şimali Qafqaz ekspedisiyalarında təcrübə mübadiləsi keçmişdir. Daha sonralar Azərbaycanda Mingəçevir, Örənqala kimi məşhur ekspedisiyalarda iştirak edərək bir arxeoloq kimi formalaşmışdır. O, görkəmli arxeoloq A.A.İyessenin rəhbərlik etdiyi SSRİ EA və Azərbaycan SSR EA-nın birgə çalışdığı Azərbaycan (Örən-qala) arxeoloji ekspedisiyasının tərkibində (1953-cü il) və eləcə də S.M.Qazıyevin rəhbərliyi altında Qazax rayonundakı Qazaxbəyli abidəsinin (e.ə. VIII-VI əsrlər) tədqiqatlarında (1954-cü il) iştirak etmişdir.
C.Ə.Xəlilovun Gədəbəy yaxınlığında yerləşən Pir qalaçasında apardığı kəşfiyyat qazıntısı (1954-cü il) ilk dəfə olaraq Azərbaycanın siklop tikililərinin bir qrupunun daimi yaşayış məskənləri olması haqqında fikir irəli sürülməsinə imkan vermişdir. Bu və digər elmi fikirlər alimin 1959-cu ildə nəşr etdirdiyi “Qərbi Azərbaycanın Tunc dövrü və Dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri” kitabında öz əksini tapmışdır.
C.Ə.Xəlilov 1956-cı ildən Azərbaycan EA Tarix İnstitutunda işləməyə başlamışdır. 1958-ci ildə Azərbaycan EA Rəyasət Heyəti C.Ə.Xəlilova “arxeologiya” ixtisası üzrə baş elmi işçi elmi adını (hazırkı dosent elmi adı) vermişdir. 1968-ci ildən ömrünün sonunadək o, əsasını qoyduğu Çöl-tədqiqat işləri şöbəsinə rəhbərlik etmişdir. Azərbaycanın bütün bölgələrində arxeoloji, etnoqrafik ekspedisiyaların təşkili və onların fəaliyyətinə nəzarət bu şöbənin səlahiyyətlərinə aid olmuşdur. Məhz C.Ə.Xəlilovun şöbə müdiri kimi fəaliyyəti dövründə arxeoloji ekspedisiyaların işini Azərbaycanın bütün bölgələrində təşkil etmək mümkün olmuşdur. Şöbə müdiri olmaqla yanaşı, Azərbaycan EA Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl-tədqiqatları bürosunun sədri vəzifəsini daşıyan C.Ə.Xəlilov institut ekspedisiyalarının elmi hesabatları və digər sənədlərinin qorunub saxlanılması üçün xüsusi arxiv yaratmışdır. Alimin fəaliyyəti dövründə burada toplanmış təkcə çöl-tədqiqat işlərinin yekunlarına həsr olunmuş geniş elmi hesabatların sayı 600-ə yaxın olmuşdur.
Alim institutda işlədiyi ilk illərdə Qazax rayonundakı Qazaxbəyli (1956-cı il) və Sarıtəpə (1956-1957-ci illər) abidələrində, Ağdaş rayonundakı alban dövrünə aid Çayboğazı (1957-ci il), Hacıqabul rayonunun Tava və Qubalı kəndləri ətrafındakı orta əsr abidələrində (1958-ci il) tədqiqatlar aparmışdır. 1957-ci ildən başlayaraq o, Azərbaycan Tarixi Muzeyinin ekspedisiyasına başçılıq etmiş, ilk dəfə arxeoloji ekspedisiya rəisi kimi fəaliyyətə başlamışdır. O, Xızı rayonunun Altıağac kəndi yaxınlığında, orta əsr Dərəzarat və başqa abidələrdə arxeoloji tədqiqat işləri aparmışdır. Sonralar alimin rəhbərliyi altında Azərbaycan EA Tarix, habelə Arxeologiya və Etnoqrafiya İnstitutlarının Şamaxı (1958-1975-ci illər), Azərbaycanın arxeoloji abidələrinin külliyyatı (1976-1980-cı illər), Gəncə-Qazax (1981-1982-ci illər), Quba-Xaçmaz (1983-1994-cü illər) kimi iri ekspedisiyaları fəaliyyət göstərmişdir.
Sarıtəpə abidəsində e.ə. V-IV əsrlərə aid möhtəşəm bir saray qalıqlarının üzə çıxarılması, Şamaxı şəhəri yaxınlığındakı Xınıslı şəhərgahında qədim yunan müəllifi (II əsr) Klavdiy Ptolemeyin xatırladığı Samexiya (Kamexiya) alban şəhərinin qalıqlarının aşkar edilməsi və beləliklə, Şamaxı şəhərinin 2400 yaşı olduğunun müəyyən edilməsi C.Ə.Xəlilovun əsas arxeoloji nailiyyətləri sırasına daxildir. 1958-1974-cü illərdə tədqiq olunmuş Xınıslı abidəsindən 3500-ə yaxın müxtəlif arxeoloji material üzə çıxarılmışdır. Bunların arasında Qədim Romada istehsal edilmiş qızıl örtüklü qartal formalı sancaq, hun sənətinə aid qiymətli daşlarla bəzədilmiş qızıl örtüklü diadem, şahənşahın ov səhnəsini əks etdirən, Sasani dövründə istehsal edilmiş qızıl suyuna çəkilmiş gümüş cam və digərləri əsil qiymətli incəsənət əsərləridir. Bu tapıntılar hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda mühafizə edilir.
Çöl tədqiqatları ilə parallel olaraq, C.Ə.Xəlilov “Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. IV – b.e. III əsrləri)” mövzusunda doktorluq dissertasiyası üzərində çalışırdı. Alimin bu mövzuya istiqamətlənməsi bəlkə də taleyin qisməti idi. Axı o, alban etnosunun adını qoruyub saxlamış Alpan çayın sahilində dünyaya göz açmışdı. O, mövzu üzərində işləyərkən tez-tez Dağıstana (Rusiya) səfərlər edir, alban dövrü arxeoloji abidələrində aparılan qazıntı işlərinin gedişi və əldə edilən materiallarla yerində tanış olurdu. 1974-cü ildə C.Ə.Xəlilov doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülür. C.Ə.Xəlilovun tədqiqatlarına qədər belə bir fikir hökm sürürdü ki, Albaniyada bir-birinə yad olan ayrı-ayrı tayfalar yaşamış və onlar özlərinə məxsus mədəniyyətlər yaratmışlar. C.Ə.Xəlilov Albaniyadakı tayfaların eyni kökdən intişar tapdıqlarını və lokal variantlara malik vahid Alban mədəniyyətini yaratdıqlarını təsdiq edən yeni konsepsiya irəli sürmüşdür. Erməni tarixşünaslığının təsiri altında olan bir sıra sovet tarixçiləri çap etdirdikləri müxtəlif əsərlərdə albanların iqtisadi, ictimai və mədəni cəhətdən öz qonşularından geri qaldığını dəfələrlə təkrar edirdilər. C.Ə.Xəlilov tutarlı dəlillər gətirərək, Azərbaycanın qədim sakinləri olan albanların Qərbi Azərbaycan və Gürcüstan ərazisində yaşayan tayfalardan nəinki geri qalmadıqlarını, hətta əkinçilik, maldarlıq, saxsı məmulatı istehsalı, hərb sənəti və başqa sahələrdə Qafqazda ön mövqeyə sahib olduqlarını təsdiq etdi. Hətta doktorluq dissertasiyasının müdafiəsi zamanı C.Ə.Xəlilovun rəsmi opponentləri olmuş Ermənistan EA müxbir üzvü B.N.Arakelyan, Gürcüstan EA müxbir üzvü A.M.Apakidze bu yeni elmi nəticələrlə razılaşmalı oldular.
Sovet tarix kitablarında və xəritələrində erməni tarixşünaslığının təsiri altında belə bir fikir qəbul edilmişdi ki, guya Kür çayından cənubdakı Azərbaycan torpaqları əzəldən “qədim Ermənistana” mənsub olmuşdur. C.Ə.Xəlilov sübut etdi ki, vahid alban arxeoloji mədəniyyəti Kür çayının hər iki sahilində təşəkkül tapmış və bu torpaqlar ən qədim zamanlardan Albaniyaya məxsus olmuşdur. Alimin qeyd olunan konsepsiyası və tutarlı dəlillərə əsaslanan fikirləri 1985-ci ildə rus dilində nəşr olunmuş monoqrafiyasında (Материальная культура Кавказской Албании (IV в. до н.э. – III в.н.э.) öz əksini tapmışdır. Ümumittifaq Müəllif Hüquqları Agentliyinin bülletenində çap olunmuş elmi rəydə bu kitab “Qafqazın qədim dövlətinin yeni kəşfi” kimi xarakterizə edilmiş və xarici ölkələrdə çap edilmək üçün təklif olunmuşdur. Avropa elmi dairələrində Qafqaz albanları və onların mədəniyyəti haqqında dəqiq məlumatın az olması bunu zəruri edirdi.
Şimal-şərqi Azərbaycanın abidələri hələ 1958-ci ildən C.Ə.Xəlilovu özünə cəlb etmişdir. Azərbaycan arxeoloji abidələri külliyyatının tərtib olunması məqsədilə 1976-1980-cı illər ərzində təşkil edilmiş xüsusi ekspedisiya tərəfindən C.Ə.Xəlilovun rəhbərliyi altında Quba, Qusar, Dəvəçi, Siyəzən, Xaçmaz rayonları ərazisində 200-dən çox abidə qeydə alınmış, onların çoxunda kəşfiyyat qazıntı işləri aparılmışdır. Şabran, Sandıqtəpə şəhərgahlarında, Tunc və Orta əsr dövrlərinə aid Sərkərtəpə yaşayış yerində aparılmış genişmiqyaslı arxeoloji qazıntı işləri Qafqaz arxeologiyasına öz əhəmiyyətli töhfələrini bəxş etmişdir. Sandıqtəpə abidəsində aparılan arxeoloji qazıntı işləri nəticəsində Quba şəhərinin IV-XIII əsrlərdə burada yerləşməsi və beləliklə, Qubanın təqribən 1700 yaşı olduğu müəyyən edilmişdir. Bu tədqiqatların nəticələri bir sıra məqalələrdə, habelə 1991-ci ildə nəşr edilmiş, Azərbaycanın arxeoloji abidələrinin külliyyatının tərtibi sahəsində ilk nümunə olan “Şimal-şərqi Azərbaycanın arxeoloji abidələri” kitabında öz əksini tapmışdır. Bu kitaba daxil edilmiş arxeoloji abidələrin xronoloji çərçivəsi e.ə. III minillikdən eramızın XVIII əsrinədək olan təqribən 5000 illik dövrü əhatə edir. Bunların sırasında Xucbala, Qüxur oba, Rustov abidələrinin bölgənin etnik tarixinin öyrənilməsi baxımından, Canaxır abidəsinin isə alban şəhər mədəniyyəti probleminin araşdırılmasında mühüm əhəmiyyəti vardır.
1981-1982-ci illərdə C.Ə.Xəlilov tərəfindən köhnə Gəncə şəhərgahında aparılmış arxeoloji qazıntı işləri zamanı da əhəmiyyətli nəticələr əldə olunmuş, IX əsrdən XVII əsrədək olan dövrə aid şəhərin mədəni təbəqələri və qiymətli sənət nümunələri üzə çıxarılmışdır. Bunların sırasında Çində istehsal edilmiş və üzərində heroqlif yazılar olan çini qabları xüsusi qeyd etmək lazımdır.
C.Ə.Xəlilov apardığı tədqiqat işlərinin əsasında Azərbaycanda, keçmiş SSRİ-nin digər respublikalarında və digər xarici dövlətlərdə-o cümlədən Almaniyada çıxan “Das Altertum”, Moskvada nəşr olunan “Советская Aрхеология”, “Вестник Древней Истории” və s. kimi nüfuzlu elmi jurnallarda müxtəlif dillərdə çap edilmiş 150-dən çox elmi əsərin, 2 monoqrafiya, 3 kitab, 2 kitabçanın müəllifidir. Həmçinin o, akademik B.A.Rıbakovun ümumi redaktorluğu altında Moskvada nəşr olunan “Археология СССР” fundamental çoxcildliyinin iki cildinin həmmüəllifidir. Bu fundamental əsərdə onun iştirakını Azərbaycandan kənarda kitabı çıxmış ilk azərbaycanlı arxeoloq olaraq xüsusi qeyd etmək lazımdır. Müəlliflərindən olduğu cildlərdən biri “Древнейшие государства Кавказа и Средней Азии” (“Qafqaz və Orta Asiyanın ən qədim dövlətləri”) adı altında 1985-ci ildə nəşr edilmişdir. 2003-cü ildə isə artıq «Археология с древнейших времен до средневековья» olaraq yeni ad altında nəşr olunan bu fundamental çoxcildliyin müəlliflər sırasına C.Ə.Xəlilovun daxil olduğu «Крым, Северо-Восточное Причерноморье и Закавказье в эпоху средневековья (IV-XIII века)» (“Krım, Qara dənizin Şimal-Şərq sahili və Zaqafqaziya orta əsrlərdə (IV-XIII əsrlər)”) adlı iri həcmli növbəti cildi alimin ölümündən sonra işıq üzü görmüşdür. Yuxarıda qeyd olunan cildin nəşrinə (1985) qədər A.P.Novoseltsev kimi bəzi sovet tarixçiləri Albaniya arxeologiyasının yeni nəticələri ilə razılaşmaq istəmirdilər. Belə ki, A.P.Novoseltsev 1980-cı ildə S.Q.Ağacanovun elmi redaktorluğu ilə nəşr etdirdiyi “Zaqafqaziya ölkələrində feodalizmin genezisi” kitabında C.Ə.Xəlilovu xüsusi qeyd edərək, həmin nəticələrin mübahisəli olduğunu bildirmişdir. Lakin C.Ə.Xəlilovun irəli sürdüyü konsepsiya bütün şübhələrə son qoymuş oldu. Sözügedən cilddə alban mədəniyyətinin genişliyini (Kür çayının hər iki sahilində) əks etdirən və sovet arxeologiyasında tanınmış xəritənin çap edilməsi XX əsr arxeologiya elmi üçün təkcə C.Ə.Xəlilovun deyil, onun timsalında bütün Azərbaycan arxeologiyasının böyük uğuru idi.
C.Ə.Xəlilov 13 kitabın redaktoru və bir sıra kitabların rəyçisi olmuş, “Tarix institutunun əsərləri”, “Azərbaycanın maddi mədəniyyəti”, “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” kimi dövrü nəşrlərin və habelə “Sovet Azərbaycanının ictimai elmləri”, “Azərbaycanda arxeoloji tədqiqatlar” kimi əsərlərin redaksiya heyətinə daxil idi. O, eləcə də, Azərbaycan Sovet Ensiklopediyasında bir sıra məqalələrin müəllifi, həm də bu çoxcildliyin elmi məsləhətçisi kimi çalışmışdır. O, Azərbaycan EA Tarix İnstitutu və Azərbaycan Tarixi Muzeyinin Elmi şuralarının və Müdafiə şurasının üzvü olmuşdur.
Alim publisist olmaqla yanaşı, bir pedaqoq kimi də nüfuz qazanmışdır. 1968-ci ildən etibarən vaxtilə təhsil aldığı Azərbaycan Dövlət Universitetində (indiki BDU) arxeologiya fənnini tədris etmişdir. Bir neçə il ardıcıl olaraq tələbələri çöl təcrübələrinə apararaq, arxeoloji tədqiqat üsulları ilə əyani tanış etmiş və onlarda bu sahəyə marağı artıra bilmişdir. Alimin elmi rəhbərliyi altında 10-dan çox arxeoloq və etnoqraf Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda namizədlik disertasiyaları müdafiə etmişlər. Onların içərisində indi elmlər doktoru olanlar da var. C.Ə.Xəlilov bir neçə doktorluq dissertasiyasının rəsmi opponenti kimi çıxış etmiş, Rusiya, Gürcüstan, Ermənistan və başqa keçmiş sovet respublikalarından olan arxeoloqların doktorluq və namizədlik dissertasiyalarına, avtoreferatlarına rəsmi rəy vermişdir. Bütün bu fəaliyyətin nəticəsi kimi, 1982-ci ildə ona SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən arxeologiya ixtisası üzrə professor elmi adı verilmişdir. O, bu ada layiq görülmüş ilk azərbaycanlı arxeoloq olub.
C.Ə.Xəlilov 20-dən çox beynəlxalq, ümumittifaq elmi tədbirlərdə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, onun təqdim etdiyi məruzələr həmişə çox böyük maraqla qarşılanmışdır. Bu marağın nəticəsi olaraq, Almaniya, Çexiya, Macarıstan, Polşa, Bolqarıstan, Yuqoslaviya, İtaliya, İran və başqa ölkələrin alimləri və elmi müəssisələri onunla daim işgüzar əlaqə saxlayırdılar. Alim bir sıra elmi tədbirlərdə iclaslara, o cümlədən 1976-cı ildə antikşünasların XIV Beynəlxalq “Eyrene” konfransında alman həmkarı B.Bötger (Berlin) ilə birgə “Ən yeni arxeoloji kəşflər” bölməsi iclasına sədrlik etmişdir. O, “Sovet arxeologiyası XI beşillikdə” adlı Ümumittifaq arxeoloji konfransın (Bakı, 1985) plenar iclasında məruzə etməklə yanaşı, konfrans materialları məcmuəsinin məsul redaktoru (Rusiya arxeoloqu V.P.Şilov ilə birgə) və təşkilat komitəsinin həmsədri olmuşdur.
C.Ə.Xəlilov elmi-tədqiqat işləri ilə yanaşı, arxeoloji abidələrin təbliği, bərpası və mühafizəsi işlərinə də böyük diqqət yetirirdi. Bu sahədə onun əməli fəaliyyətini aşkar etdiyi Sasani dövründə İranda istehsal edilən, qızıl suyuna çəkilmiş gümüş qabın (yuxarıda xatırlanan) taleyi bir daha sübut edir. Parçalanmış vəziyyətdə tapılmış bu qabın bərpası yalnız Moskvada Dövlət Tarix Muzeyində mümkün idi. Lakin orada bərpa işlərinə başlamağa bir şərtlə razılıq verdilər ki, həmin qab mühafizə üçün Moskva muzeyinə təqdim edilsin. Amma Cabbar müəllimin qətiyyətli mövqeyi və vətənpərvərliyi nəticəsində bu nadir sənət nümunəsi 1970-ci ildə V.N.Darkeviç tərəfindən Moskvada bərpa edildikdən sonra, Azərbaycana qaytarılmış və hal-hazırda Azərbaycan Tarixi Muzeyinin xüsusi qiymətli əşyalar fondunda qorunub saxlanılır.
1970-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Baş Komitəsi tərəfindən təqdim edilmiş xüsusi şəhadətnamə əsasında SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin rəsmi iştirakçısı kimi təsdiq edilmiş alim Moskvada həmin sərgidə Azərbaycanda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrinin nümayişini təşkil etmişdir. Həmin il o, Moskvada SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət abidələrinin mühafizəsi üzrə elmi-metodiki şurasının birgə plenumunda da çıxış etmişdir.
1973-cü ildə Azərbaycan SSR Ali Sovetinin 5-ci sessiyasındakı nitqində mədəniyyət naziri Z.N.Bağırov bir neçə arxeoloqla yanaşı, C.Ə.Xəlilovun da elmi fəaliyyətinə yüksək qiymət verərək, qeyd etmişdir ki, belə arxeoloqların zəhməti “mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə əlaqədar olan bütün işlər üçün möhkəm elmi zəmin yaratmışdır”.
Tədqiqatçı-alim 1974-cü ildə Şamaxı şəhərində “Tarix və mədəniyyət abidələrinin mühafizəsi ümumxalq işidir” mövzusunda elmi konfrans keçirmiş və səyyar sərgi təşkil etmişdir. O, 1976-cı ildən etibarən Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Quba-Xaçmaz bölgəsi arxeoloji abidələrinin pasportlaşdırılması işini də yerinə yetirmişdir. 1979-cu ildən Azərbaycan tarix və mədəniyyət abidələrinin könüllü mühafizə cəmiyyətinin ictimai müfəttişi kimi də fəaliyyət göstərmiş, Azərbaycan “Bilik” cəmiyyəti xətti ilə müxtəlif bölgələrdə mühazirələr oxumuş və həmin cəmiyyətin təşəkkür fərmanı ilə təltif olunmuşdur (1981-ci il).
Arxeoloqun tarix və mədəniyyət abidələrinin təbliği məqsədilə dövrü mətbuatda 40-a yaxın məqaləsi və jurnalistlərə verdiyi müsahibələri çap edilmiş, televiziya və radioda səslənmişdir. 1961-ci ildə onun “Maddi-mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi” adlı kitabı nəşr edilmişdir.
C.Ə.Xəlilov Azərbaycanın maddi mədəniyyət abidələrinə həsr olunmuş bir neçə sənədli televiziya filmlərinin də rəsmi elmi məsləhətçisi olmuşdur. “Dədə Qorqud” bədii filminin (1975-ci il) ilk və son kadrlarındakı çöllərə səpələnmiş daş insan heykəllərini yəqin ki, hamı xatırlayır. Lakin çoxları bilmir ki, bunlar filmin çəkilişi ərəfəsində süni yaradılmış müqəvvalar deyil, qədim sənət nümunələridir. Həmin heykəllər 1965-1968-ci illərdə C.Ə.Xəlilov tərəfindən Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığındakı abidədən aşkar edilmişdir. Filmin çəkilişi zamanı bu heykəllər haqqında eşidən filmin quruluşçu rejissoru Tofiq Tağızadə və ssenari müəllifi, yazıçı Anar Rzayev yaradıcı qrupla birlikdə, xüsusi olaraq, bu məqsədlə Şamaxıya gəlmiş və heykəllərlə bağlı kadrları burada lentə köçürmüşlər.
C.Ə.Xəlilov yalnız arxeoloji abidələrin mühafizəsi məsələləri ilə deyil, eyni zamanda Azərbaycanda arxeologiya elminin banilərinin elmi irsinin mühafizəsi qayğısına da qalırdı. Stalinin şəxsiyyətinə pərəstiş dövrünün arxada qalmasına baxmayaraq, ötən əsrin 60-cı illərində repressiya qurbanları haqqında yazmağa hələ hər kəs cəsarət etmirdi. Məhz C.Ə.Xəlilov o zaman Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Arxivində görkəmli Azərbaycan arxeoloq və etnoqrafı Ə.K.Ələkbərovun həyat və yaradıcılığı barədə materialları üzə çıxararaq, bu barədə xüsusi məqalə yazmış və 1966-cı ildə Moskvada dərc etdirmişdir. Bundan bir qədər əvvəl 1960-cı ildə o, Ə.K.Ələkbərovun çap olunmayan əsərlərinin yığılaraq kitab halında nəşr olunmasında da böyük zəhmət çəkmişdir. Sonrakı illərdə C.Ə.Xəlilov digər alimlərin də həyat və yaradıcılığı mövzusuna müraciət etmişdir.
Ötən əsrin 90-cı illərində ölkəmizdə yaşayan azsaylı xalqlara diqqət və qayğının artırılması C.Ə.Xəlilovun elmi yaradıcılıq istiqamətinə də öz təsirini göstərmişdir. 1993-cü ildə “Ləzgilərin tarixi” mövzusunda keçirilmiş ilk elmi konfransda C.Ə.Xəlilov “Qusar rayonunun IX-XVII əsrlərə aid yaşayış yerləri” adlı məruzə ilə çıxış edərək, İslam dininin yayılmasından sonra azərbaycanlılarla ləzgilərin bir-birinə çox yaxınlaşması, onların yaratdıqları mədəniyyətlərin bir-birindən, demək olar ki, seçilməməsi fikirlərini əsaslandırmışdır.
Səmərəli elmi-təşkilatı fəaliyyətinə görə C.Ə.Xəlilov 1970-ci ildə “Şanlı əməyə görə”, 1986-cı ildə “Əmək veteranı” medalları və müxtəlif Fəxri fərmanlarla təltif edilmişdir.
1993-cü ilin sonunda ona sonuncu elmi sifariş İtaliyanın Roma şəhərindən “İtaliya ensiklopediyası” üçün məqalələr yazmaq xahişi ilə daxil olmuşdur. Lakin amansız ölüm buna imkan verməmişdir. Görkəmli alim 1994-cü il martın 29-da uzun sürən xəstəlikdən sonra, 66 yaşında vəfat etmişdir.
Televiziya ilə son çıxışında (“Karvan” verilişi, 1993-cü il) C.Ə.Xəlilov müşahidə etdiyi belə bir adəti tamaşaçıların nəzərinə çatdırmışdır: “…Xınalıq kəndi (Quba rayonu) sakinləri dağlardakı yaylaqları tərk edən zaman oralarda bir neçə daşdan qurulmuş insan fiqurunu xatırladan nişanələr qoyar və bunu dağların insan ağırlığını öz üzərlərində həmişə hiss etmələri üçün etdiklərini bildirərdilər…”
Anadan olmasının 95 ili tamam olmuş tanınmış alim, görkəmli arxeoloq, tarix elmləri doktoru, professor, ömrünü Azərbaycan tarixinin sirli qalan səhifələrinin açılmasına həsr edən fədakar insan, gözəl təşkilatçılıq bacarığı və auditoriyanı ələ almaq istedadına malik olmuş qayğıkeş müəllim Cabbar Əsədulla oğlu Xəlilovun da yerin alt qatından üzə çıxararaq xalqına bəxş etdiyi yüzlərlə abidə, heç şübhəsiz ki, yerin üstündə onun ağırlığını əbədi saxlayacaq və xatirəsini onu tanıyanların qəlbində daim yaşadacaqdır.
Abbas SEYİDOV
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.e.d., prof.
Roza ARAZOVA
Xəzər Universitetinin dosenti, t.ü.f.d.