Təlim zamanı kiçikyaşlı uşaqların diqqət yayınıqlığının öhdəsindən gəlməkdə və bütün qrupun diqqətini toplayaraq sakitlik yaratmaqda çətinliklə üzləşmək tez-tez baş verən normal haldır. Ancaq tədricən qrupdakı uşaqları daha çox tanımaqla, həm onların fərdi xüsusiyyətlərinə, həm də ümumi qrupun dinamikasına uyğun olan üsullardan istifadə etməklə bu çətinliklərin öhdəsindən gəlmək mümkündür.
Məşğələ zamanı uşaqların diqqətinin yayındığı və qrupda qarışıqlıq yarandığı halda təşvişə düşmədən aşağıda qeyd olunmuş yollarla nizamlı və təhlükəsiz öyrənmə mühiti yarada bilərsiniz.
- Qeyri-verbal siqnallardan istifadə edin. Qrupda yaranmış “səs-küy”ə öz səsinizi də əlavə etməmək üçün qeyri-verbal siqnallardan istifadə edə bilərsiniz.
Səssiz dayanın. Bəzən qrupun diqqətini yenidən cəmləşdirməyin ən yaxşı yolu danışmağı dayandıraraq susmaqdır. Bunun üçün təxmini 10 saniyəyə qədər gözləmək kifayətdir. Bu müddət ərzində uşaqlara maraqlı gələcək: Görəsən, nə baş verir? Görəsən, müəllim niyə dayandı?
“Səssizlik” jestlərindən istifadə edin. Bu jestlər barmağınızı burnunuza, əlinizi başınıza və ya çənənizin altına qoymaq kimi sadə hərəkətlər ola bilər. Asanlıqla təkrar edilən və yadda saxlanılan istənilən jestlərdən istifadə edə bilərsiniz. Uşaqlar yavaş-yavaş etdiyiniz hərəkəti təqlid etməyə başlayacaqlar. Təqlid etməyənlər belə digər uşaqların sizi təqlid etdiyini görüb sakitləşəcək və sizə diqqət etməyə başlayacaqlar. Nəzərə alın ki, yenidən danışmağa başlayanda jestdən istifadə etməyi dayandırmalısınız. Jestinizin xüsusi səssizlik gücünü itirməsini istəməzsiniz.
Uşaqlar danışdıqları, əyləndikləri zaman sizin “Səssiz olun!” siqnalınızı görüb narahat ola bilərlər. Çünki heç kim “Sakit olun!” deyilməsini və əyləncənin bölünməsini xoşlamaz. Əgər uşaqlardan sadəcə sakit qalıb müəllimin qaydalarına əməl etmək istənilirsə, bu vəziyyət tezliklə onları bezdirə bilər. Ancaq uşaqlar bu siqnalın əyləncəli bir şeyin başlanğıcı olduğunu düşünsələr, daha çox sizə qoşulacaq və sizi daha tez dinləməyə başlayacaqlar. Bunun üçün “Səssiz olun!” siqnalından sonra aşağıdakı fəaliyyətləri etmək olar:
- Beyin məşqləri. Bunlar beynin hər iki yarımkürəsini eyni anda işlədən məşqlərdir. Beynin yarımkürələri, adətən, bir-birindən ayrı fəaliyyət göstərdikləri üçün bu məşqlər uşaqlara mürəkkəb gələ bilər, ancaq bunlar diqqətin inkişafı üçün çox effektivdir. Aşağıda buna dair nümunələr verilmişdir. Siz bunlardan birini edəcəksiniz, uşaqlar isə sizi yamsılamağa başlayacaqlar.
- Başınızı sığallayın, qarnınızı ovuşdurun. Bir əlinizlə qarnınızı, sonra digər əlinizlə başınızı ovuşdurmağa başlayın. Bütün uşaqlar hər iki əli ilə sizi yamsılamağa başladıqdan sonra etdiyiniz hərəkətləri əks istiqamətdə təkrar edin. Məsələn, əvvəlcə sağ əllə başınızı saatın əqrəbi istiqamətində, sol əllə isə qarnınızı saatın əqrəbinin əks istiqamətində ovuşdurursunuzsa, bu səfər əksinə edin. Uşaqların nə dərəcədə bu məşqin öhdəsindən gəldiyindən asılı olaraq bunu daha sürətli, ya da daha yavaş edə bilərsiniz. Əsas odur ki, bu məşqi uşaqlar üçün çox çətinləşdirməyəsiniz. Çünki bu onların yenidən maraqlarının itməsinə səbəb ola bilər.
- Başçılar və işarə edənlər. Hər iki əlinizi yumruq şəklində tutun. Bir əlinizin baş barmağını qaldırın, digər əlinizin şəhadət barmağı ilə baş barmağınızı işarə edin. Daha sonra bunun əksini edin. Bunu etmək düşündüyünüzdən daha çaşdırıcıdır. Bu məşq eyni zamanda kiçik motorikanın inkişafı üçün də faydalıdır.
- Təlimatlar vermək. Uşaqlara hərəkət etmələri üçün təlimat vermək onların diqqətini cəmləməkdə başqa bir təsirli üsuldur. Başlanğıc üçün sadə təlimatlardan (“Başınızı tutun”, “Dizlərinizə toxunun” və s.) istifadə edin. Sonra təlimatları bir az qəlizləşdirin (“Fırlanın”, “Velosiped sürürmüş kimi edin” ) və sonda “Xahiş edirəm, əyləşin” təlimatı ilə bitirin.
Təlimatları sakit səslə vermək ən effektiv yoldur. Sizə yaxın olan uşaqlar səsinizi asanlıqla eşidib oynamağa başlayacaqlar. Yavaş-yavaş digərləri də onlara qoşulacaqlar. Beləcə, bütün qrup heç bir qarışıqlıq olmadan və sakit şəkildə dediklərinizi yerinə yetirə biləcək.
- Çağırış və cavab. Diqqətçəkən, səmərəli üsul maraqoyadıcı, cəlbedici olmalı və fiziki aktivlik nümayiş etdirməlidir. Əgər uşaqların etməli olduğu bir hərəkət varsa, bu hərəkət edildiyi zaman kimin dinləyib və ya dinləmədiyini müşahidə edə bilərsiniz, eyni zamanda, uşaqlar da bu yolla bir-birlərinə diqqət edərlər. Beləliklə, onlar sizin çağırışınızı eşitməmiş olsalar belə, dinləmək vaxtının gəldiyini başa düşürlər. Aşağıda bəzi misallar verilib. Siz öz yaradıcılığınızdan istifadə edərək qrupunuza uyğun daha fərqli və maraqlı üsullardan istifadə edə bilərsiniz. Əsas odur ki, siz verilmiş cümlənin birinci hissəsini deyərək uşaqları səsləyəsiniz (çağırış), sonra isə uşaqlar ikinci hissəni sizə cavab olaraq səsləndirsinlər, ya da dediyinizi etsinlər. Təbii ki, bu üsullardan istifadə etmək üçün əvvəlcə uşaqlara bunu öyrətmək lazımdır. Bu üsullar musiqi ritmi əlavə edildikdə daha səmərəli olur. Səsin tonunda dəyişikliklər etmək uşaqların diqqətini daha çox çəkəcək.
- Kiiim qulaq asııır? (Siz göstərişli bir şəkildə, fərqli bir tonla əlinizi qulağınıza tutaraq soruşun) Məəən qulaq asıraaam! (Uşaqlar da eyni şəkildə cavablandırmalıdır.)
- Bir, iki, üç… gözlər məndə. (Barmaqlarınızla sayın, binokl işarəsi edin və işarə barmaqlarınızla özünüzü göstərin.) Bir, iki, üç… gözlər müəllimdəə! (Uşaqlar da sizin etdiklərinizi təkrarlamalı, ancaq sonda sizi işarə etməlidirlər).
- Fokus-pokus! Hamııı fokuslansııın! (Əlinizə qələmi – bu, “sehrli” çubuq da ola bilər – götürüb uşaqlara doğru sehr edin.) Uşaqlar əlləri ilə binokl düzəltməli, müəllim məşğələdə nəyə diqqət çəkmək istəyirsə, daha maraqla düzəltdikləri binoklları ilə ora fokuslanmalıdırlar.
- “Beş ver”. Qrupa: “Beş ver” – deyə səslənərək əlinizi qaldırın. Uşaqlar sizi gördükdən sonra onlar da bir əlini havaya qaldırmalı və barmaqları ilə birdən beşə qədər saymağa başlamalıdırlar. Lakin rəqəmlərin əvəzinə hər bir barmağa aid əvvəlcədən öyrətdiyiniz sözləri deməlidirlər. Bunlar: 1 – gözlər (baxırıq), 2 – qulaqlar (dinləyirik), 3 – ağız (susuruq), 4 – əllər (sakit), 5 – ayaqlar (dinc saxlayırıq). Daha sonra siz hər dəfə: “Beş ver” – dedikdə uşaqlar bu beş davranışı düşünəcək və əllərini qaldıraraq qulaq asmağa hazır olduqlarını göstərəcəklər.
- Ritmlə əl çalmağa başlayın. Məsələn, əvvəlcə, 2 dəfə yavaş, sonra 3 dəfə möhkəm. Bu, uşaqların diqqətini çəkəcək. Uşaqlar sakitləşib, etdiklərinizi təkrarlayana qədər bunu etməyə davam edin. Ritmləri istədiyiniz kimi dəyişdirə bilərsiniz. Əsas odur ki, uşaqlar ritmi yadda saxlayıb təkrarlaya bilsinlər.
- Dondurma oyunu. Uşaqlara “dondurma” oynunu oynayacağınızı və 3-ə qədər sayıb bitirdiyinizdə oyuna başlayacaqlarını, buz kimi donub qalmalı olduqlarını deyin. Siz 3 deyən kimi əlinizi yumruq şəklində havaya qaldırın. Uşaqlar hər danışdıqda və ya hərəkət etdikdə onların rahatlıqla görə biləcəyi şəkildə bir barmağınızı qaldırın. Yumruğunuzu tam açana qədər oyuna davam edin. Burada əsas məqsəd uşaqların ən çox nə qədər sakit qala biləcəklərini görməsidir. Oyunun sonunda onlara nə qədər müddət sakit qala bildiklərini başa düşəcəkləri dildə bildirin. Növbəti gün uşaqlar bu oyunu oynadıqları zaman daha uzun müddət sakit qalmağa çalışacaqlar.
- Uşaqları təəccübləndirin. Onların gözləmədiyi bir şeyi etməklə diqqətlərini çəkə bilərsiniz. Nə edəcəyiniz sizin şəxsiyyət tipinizdən, yaradıcılığınızdan və sinfinizin xüsusiyyətindən asılıdır. Qəfildən yerdə oturmaq, başınıza gülməli papaq qoymaq, bir kukla çıxarıb onunla sakitcə danışmağa başlamaqla bunu edə bilərsiniz. Bir stul götürüb ən öndə oturmaq əvəzinə, ən arxada oturmaq da ola bilər.
Növbəti fəaliyyətlə bağlı uşaqlarda maraq və şübhə yaradaraq da onların diqqətini cəlb edə bilərsiniz. Məsələn, əgər öyrədici kartlardan istifadə edirsinizsə, kartın kiçik bir hissəsini göstərərək, ya da böyük həyəcan və təəccüblə karta baxaraq onlarda maraq yarada bilərsiniz. Məşğələ zamanı istifadə edəcəyiniz materialı qutu və ya çantanın içərisində gizlətməklə də bunu etmək olar. Qutunun içi uşaqlara maraqlı gələcək və tez bir zamanda onun içində nə olduğunu öyrənmək istəyəcəklər.
- Mahnılar. Uşaqlara tanış olan mahnını oxumağa başlamaq onların diqqətini cəlb etmək üçün başqa bir üsuldur. Diqqəti yenidən toplamaq məqsədi ilə istifadə edilən mahnılardan ən effektiv olanı hərəkət bildirən sözlərə malik olandır. Yaradıcılığınızdan istifadə edərək sinfiniz üçün yeni bir mahnı yarada bilərsiniz.
- Otaqdakı mövqeyinizə diqqət edin. Otaqda müxtəlif fəalliyətlərlə məşğul olmaq üçün fərqli sahə(lər) təyin edin. Bu sahədə uşaqlar bilməlidirlər ki, onların diqqəti sizdə olmalıdır. Bu, əslində, qeyri-verbal siqnalın başqa bir formasıdır. Mövqe təyin etmək dedikdə lövhənin qarşısında durmaq, ya da xüsusi olaraq təyin etdiyiniz yerdə əyləşmək nəzərdə tutulur. Hansı mövqeni seçməyiniz sizin fəaliyyətinizdən, qrupun xüsusiyyəti və şəraitdən asılıdır. Əgər siz məşğələlər üçün təyin etdiyiniz yerdəsinizsə, uşaqlar artıq sizə qulaq asmaq və birlikdə nə isə etmək vaxtının gəldiyini bilməlidirlər. Beləcə, diqqətlərini sizə yönləndirəcəklər.
- Mükafat lövhəsi. Bunu çətin qruplarda etmək daha effektiv ola bilər. Bunun üçün 3 fərqli (xoşbəxt, neytral və üzgün) smaylik və uşaqların adlarının yazıldığı müxtəlif rəngli kartlar lazımdır. Oxumağı bacarmayan uşaqlar kartların rəngindən hansının öz adı olduğunu biləcəklər. Məşğələnin əvvəlində davamiyyətin yoxlanılması prosesi kimi uşaqların adlarını çəkin və eyni zamanda onların sakit oturduqlarını, diqqətli olduqlarını sözlərinizlə və jestlərinizlə bildirib bir-bir adları olan kartları “xoşbəxt” smaylikin altına yerləşdirin. Məşğələ müddətində kiminsə diqqətinin başqa yerdə olduğunu gördüyünüz və onu fəaliyyətə cəlb etməkdə çətinlik çəkdiyiniz zaman yavaş-yavaş smayliklərin olduğu lövhəyə yaxınlaşaraq o uşağın adını “neytral” smaylikin altına yerləşdirin. Uşaq dərhal bunu görəcək, ya da yoldaşları görüb ona deyəcəklər. O, buna fikir verərək bir az özünü toplayacaq. Belə olduqda artıq siz onun adını “üzgün” smaylikə keçirməli olmayacaqsınız. Daha sonra uşağın diqqətli olduğu anı tutmağa çalışın ki, adını yenidən “xoşbəxt” smaylikə keçirə biləsiniz.
Bu metod uşaqların özünəhörmətini və özgüvənini zədələyə biləcəyi üçün, xüsusilə, qrupda diqqət problemi olan uşaqlar varsa, çox ehtiyatla istifadə olunmalıdır.
Yuxarıda qeyd olunanları tətbiq edərkən bunlara diqqət etmək lazımdır:
- Öyrədin. Prosesin necə olacağını uşaqlara öyrətmədiyiniz halda hansı texnikadan istifadə etməyinizdən asılı olmayaraq heç bir uşağın sizə diqqət etmədiyini, bunların effektiv olmadığını görə bilərsiniz. Bəlkə, bu, bir anlıq uşaqlara maraqlı gələ bilər: Görəsən, müəllim nə edir? Ancaq onların diqqətini özünüzdə saxlamaq çətin ki, alınsın. Əgər siz “çağırış və cavabdan”, “başçılar və işarə edənlərdən”, “mükafat lövhəsindən” və s. istifadə edirsinizsə bu prosesin necə olacağını, nə ilə nəticələnəcəyini əvvəlcədən bütün qrupa öyrətdiyinizdən əmin olmalısınız. Bunu bir oyun təşkil edərək öyrədə bilərsiniz. Əvvəlcə uşaqlara nə etmək lazım olduğunu izah edin, daha sonra səs-küylü şəkildə oyun oynamaq, rəqs etmək kimi bir vəziyyət yaradın. İzah etdiyiniz texnikanı yaratdığınız vəziyyət üzərində tətbiq edərək uşaqlara mümkün qədər tez diqqət yetirməyi məşq etdirin.
- Texnikaları davamlı və tez-tez istifadə edin. Ola bilsin ki, istifadə etdiyiniz texnika sizin işinizə yaradıqdan sonra onu tətbiq etməyi dayandırasınız. Çünki, uşaqlar sakit və daha diqqətli olduqları üçün artıq bunlara ehtiyac olmadığını düşünə bilərsiniz. Seçdiyiniz texnikanı məşğələlərdə tez-tez istifadə etmək üçün xüsusi səy göstərməyiniz çox vacibdir. Çünki siz bunu (Məs, “səssizlik” jestini) dayandırsanız, tezliklə uşaqlar onun nə üçün olduğunu unudacaqlar. Ancaq bu, o demək deyil ki, siz həmişə eyni texnikadan istifadə etməlisiniz. Əgər özünüzün və ya uşaqların eyni şeydən sıxıldığını düşünürsünüzsə, yeni bir şey tətbiq edə bilərsiniz. Ancaq bu, nə olursa olsun, tez-tez və davamlı məşq edilməlidir ki, uşaqlar bunun nə üçün edildiyini unutmasınlar.
- Yüksək enerji ilə başlayın və aşağı enerjiyə keçin. Uşaqlar növbəti məşğələyə başlamaq və müəllimi dinləmək üçün sakitləşmiş vəziyyətdə olmalıdırlar. Buna görə onların diqqətini cəlb etmək üçün hansı üsuldan istifadə edirsinizsə, əvvəlcə çox enerji tələb edən hərəkətlərlə başlayın, daha sonra sakit, yavaş hərəkətlərlə bitirin. Məsələn, uşaqlara təlimat verərkən daha böyük hərəkətlərdən (fırlanmaq, hoppanmaq, qaçmaq) başlayıb daha kiçik hərəkətlərlə (barmağını dodağına qoy, barmaqlarını bir-birinə toxundur, başını ovuşdur və s.) bitirməlisiniz. Yüksək səslə danışmağa başlamısınızsa, sakit səslə bitirməyə çalışın.
- Qrupdakı bütün uşaqların diqqət etməsini gözləyin. Səbirli olmaq və bütün uşaqların sizi izləməsini gözləmək çox vacibdir. Ancaq ola bilsin ki, qrupda bir-iki uşaq sizi dinləməsin. Bu uşaqlar bilirlər ki, onların sizə qulaq asmalarını istəyirsiniz. Ancaq bəzi səbəblərə görə istədiyinizi sizə verməmək üçün qərarlı ola bilərlər. Bu cür vəziyyətlərdə diqqətinizi sizi dinləyənlərə, məşğələdə iştirak edənlərə yönəldin. Ancaq eyni zamanda sizi dinləməyən, fikri başqa yerdə olan uşaqların təhlükəli bir işlə məşğul olmadığından əmin olun. Sizə qulaq asan uşaqları diqqətli, sakit olduqları üçün mükafatlandırmağınız və təqdir etməyiniz çox vacibdir. Əgər diqqətinizi sizi dinləməyənlərə yönəltsəniz, onlarda bu düşüncəni yaradacaqsınız: “Müəllimə qulaq asmayaraq, uşaqlara qoşulmayaraq daha çox diqqətə layiq görülürəm”. Adətən, məşğələdə diqqətini toplaya bilən və iştirak edən uşaqlar müəllimin təqdiri, onlarda oyatdığı maraq ilə qrupda o qədər həvəslə, fəal iştirak edirlər ki, bunu görən digərləri də (müəllimi dinləməyənlər) tezliklə onlara qoşulurlar.
Unutmayın ki, qrupdakı hər bir uşağa yaxından bələd olmağınızın onları həvəsləndirərək təlimə cəlb etməyinizdə böyük faydası olacaq.
Məktəbəhazırlıq qruplarında uşaqların diqqətini çəkmək üçün faydalı üsullar
Cəmilə Həsənova
ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin mütəxəssisi
İstifadə olunan mənbələr:
- https://www.academia.edu/30540527/Attention_Grabbers_Getting_Students_Attention_without_Shouting
- https://www.kellybear.com/teacherarticles/TeacherTip54.html
- https://kidsclubenglish.com/get-attention-classroom/