Logo

ADNSU və UFAZ tələbələrinin iştirak etdikləri Geofizika üzrə Beynəlxalq Sahə Düşərgəsi başa çatıb

01.08.2023 14:29 200 baxış
IMG

Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə birgə təşkil edilmiş SEG ADNSU-nun Geofizika üzrə Beynəlxalq Sahə Düşərgəsinin UFAZ-da bağlanış mərasimi olub.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, düşərgə UFAZ, BP və “Ei Group” şirkətləri, Kəşfiyyatçı Neftçi Mühəndislər Cəmiyyəti (SPA Azərbaycan), SEG Fondunun sponsorluğu ilə təşkil edilib.

Mərasimdə iştirakçılar su təsərrüfatı mütəxəssisləri və geofiziklər qarşısında təqdimatla çıxış ediblər.

Eyni zamanda, BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Ei group”un Baş icraçı direktoru Əli Nağıyev bu tip tədbirlərin vacibliyini, enerjinin günümüzdəki rolunu qeyd ediblər.

Sonda ən yaxşı təqdimatın qalibləri açıqlanıb. Ləman Hüseynova, Gülnar Məmmədova (UFAZ), Əli Məmmədov, Fariz Kərimov, İnayət Məmmədov (ADNSU), Deniz Ortadanın (İstanbul Texniki Universiteti) daxil olduğu komanda qalib seçilib. Qaliblər və iştirakçılar hədiyyə və sertifikatlarla təltif olunublar.

Düşərgədə ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanının Kral Fəhd Neft və Minerallar Universitetindən ümumilikdə 25 tələbə iştirak edib.

Sahə təcrübəsində bəzi geofiziki üsullar (Georadar, Seysmik və Elektrik Müqaviməti), geokimya alətləri (suyun pH və keçiricilik zondları) tətbiq olunub. Tələbələr bu alətlərdən sahədə necə istifadə etməyi, məlumatları emal və şərh etməyi öyrəniblər. Sahə təcrübəsində 4 UFAZ, 1 ADNSU müəllimi təlim aparıb.

Düşərgə Astara rayonunda qrunt sularının təsvirini çəkmək, sulu təbəqənin tutumunu və keyfiyyətini müəyyən etmək üçün suyun səviyyəsini və yeraltının heterogenliyini müəyyənləşdirmək məqsədilə təşkil olunub.

Xəbər lenti