Logo

İslamşünaslıq ixtisasına müsahibə mərhələsi başlayıb - FOTO

01.08.2023 18:05 259 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb. Müsahibə avqustun 3-dək davam edəcək.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə biləcəklər.

Komissiya Bakı şəhəri Məhəmməd Naxçıvani, 29 ünvanında – Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında təşkil olunur.

Qeyd edək ki, abituriyentlərin dünyagörüşü səviyyələrinin və islamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.

Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları yoxlanılır.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eyni zamanda, dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial və humanitar elmlər də tədris olunur.

Xəbər lenti